İdman 14:54 11.10.2022

De Byazinin köməkçisi: “Birinci-ikinci yerlər uğrunda oynayacağımız real deyil”

Yığmamızın Avro-2024-ün seçmə mərhələsindəki rəqibləri müəyyənləşəndən sonra müxtəlif fikirlər səsləndirildi. Elə baş məşqçi Canni De Byazi də çətin qrupa düşdüyümüzü etiraf etdi. Bəs bizim üçün hansısa müsbət məqamlar, nəyəsə ümid varmı?

Azərbaycanın tanınmış veteran futbolçularından olan, hazırda yığmamızda Canni De Byazinin köməkçisi vəzifəsində çalışan Arif Əsədov da rəqiblərimizi və millinin potensialını dəyərləndirib.

"Təbii ki, çəin qrupdur. Bundan daha ağırı və ya asanı ola bilərdi. Rəqiblərə baxsaq, təbii ki, favorit Belçikadır. Məncə Avstriya və İsveç ikinci yer üçün mübarizə aparacaq. Bizim şanslarımıza gəlincə, komandamız sürpriz edə bilər. Estoniya ilə rəsmi oyunlarda görüşməsək də, yoldaşlıq matçları keçirmişik. Rəqibləri analiz edəndən sonra dəqiq fikir bildirmək mümkündür. Son vaxtlar Belçikanın oyunlarını görmüşəm. İsveçin Ukrayna ilə matçına baxdıq. Səhv etmirəmsə, pley-off matçı idi. İsveçdə nəsildəyişmə prosesi gedir. İbrahimoviç artıq oynamır. Ulduz futbolçuları olmasa da, intizam üzərində qurulan komandadır. Təkcə əsas komanda deyil, aşağı yaş qruplarına da xas olan xüsusiyyətdir. Bu baxımdan komanda oyununa üstünlük verirlər. Avstriyanın oyununu son vaxtlar görməmişəm. Təbii ki, onların da özlərinə xas futbol stili var. Sürətli futbola üstünlük verirlər. Rəqiblərin oyunlarına baxandan sonra hansısa fikir yürütmək olar”.

Qrup müəyyənləşəndən sonra hər kəs şanssızlıqdan, rəqiblərin güclü olmasından danışır. Bəs millimiz üçün müsbət məqamlar nədir? Əsədov bu suala belə cavab verir:

"Desəm ki, birinci-ikinci yerlər uğrunda oynayacağıq, bu, real deyil. Hər oyuna baş məşqçi qələbə üçün çıxacaq. Buna necə nail olcağıq, rəqiblər nə qədər imkan verəcək, bunu zaman göstərəcək. Amma keçən Millətlər Liqasında göstərdiyi oyunla, performansla bizi ümidləndirdi. Bu mərhələdə də futbolçularda inam var. Yüksək reytinqli rəqiblərə qarşı o istəklə, inamla meydana çıxıb inkişaf baxımından nəyəsə nail olmaq mümkündür. Çünki gənc komandadır. Son vaxtlar oyunlara enerjili, istəkli gənc futbolçular dəvət alıb. Təcrübəli və gənc futbolçularının balansı əsasənda qurulub. Oyunun tempinə dözmək mənasında yaxşı xüsusiyyətlərimiz var. Bu da komandanın formalaşması baxımından müsbət hal ola bilər”.

Maraqlıdır, bu rəqibləri nəzərə alsaq, "Millimizin oyun üslubunda hansısa dəyişikliklər gözlənilir” sualına mütəxəssisin cavabı belədir:

"Bu barədə müzakirələrimiz olmayıb. Rəqibləri analiz edəndən sonra hansısa nəticəyə gəlib çıxmaq mümkündür. Taktika, hər bir rəqibə görə qurulur. Bir neçə taktiki sxemdən istifadə etmək müsbət haldır. Oyun rəqibə uyğun qurulur. Son qarşılşamalardakı taktikanın üzərində dayanıb-dayanmayacağımıza baş məşqçi qərar verəcək. Komanda həm beşli, həm dördlü müdafiə ilə oynayıb. Bütün bunlar müsbət haldır və rəqibə görə dəyişir. Qoyulan taktiki sxem isə başlanğıcda olur. Yəni sona qədər hücum və ya müdafiə futbolu oynamaq anlamına gəlmir. Gedişatda sxemlər dəyişdirilir”.

Səbuhi Həsənov