Siyasət 12:02 21.04.2023

Dövlət Departamenti: "Qarabağda atəşkəsin saxlanması Blinken üçün vacibdir"

"Ermənistanla Azərbaycan arasında, xüsusən də Dağlıq Qarabağda atəşkəs rejiminin saxlanması ABŞ dövlət katibi Entoni Blinken üçün böyük əhəmiyyət kəsb edir". 

Qaynarinfo xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Vedant Patel brifinqdə deyib.

O, Blinkenin fevral ayında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan və Azərbaycan liderləri ilə görüşünü xatırladıb. Patelin sözlərinə görə, İrəvan və Bakı arasında danışıqlar prosesi ABŞ-ın davam etdirdiyi işdir.

Bundan əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, dövlət katibinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş köməkçisi Luis Bono Ermənistan və Azərbaycanda səfərdə olub. Jurnalist Bono ilə İrəvanda və Bakıda aparılan danışıqlardan sonra xarici işlər nazirlərinin daha bir görüşünün gözlənilə biləcəyini soruşub. Patel hadisələri qabaqlamaq istəmədiyini deyib. Lakin o, əmindir ki, tezliklə "paylaşacaq bir şey olacaq”.

Bundan əvvəl Ermənistan mətbuatında Vaşinqtonun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin may ayında yeni görüşünün keçirilə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ötən həftə İrəvan və Bakının Moskvada üçtərəfli nazirlər səviyyəsində danışıqlar aparmağa razılaşdığını bildirib. Son tarixlər hələ müəyyənləşdirilməyib.

Alpər