Siyasət 20:59 28.02.2023

Dostluq qrupunun üzvləri Milli Məclisdə görüş keçirdi

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfər zamanı Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Qaynarinfo xəbər verir ki, daha sonra Şəhidlər Xiyabanını da ziyarət edən qonaqlar Milli Məclisdə görüşlər keçirib. 

Ukrayna Ali Radasnın Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Volodımır Kreydenko, millət vəkilləri Mikola Qaluşko və Anton Şvaçko, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovdan ibarət münayəndə heyəti növbəti görüşünü Milli Məclisdə Ukrayna ilə parlamentlərarası dostluq qrupunun üzvlərilə keçirib. Həmin görüşdə iki ölkəni  dostluq qrupunun fəaliyyətinə dair cari məsələlər müzakirə olunub. Görüşdə Milli Məclis üzvləri Rüfət Quliyev, Tahir Mirkişili, Cavanşir Feyziyev, Cavid Osmanov, Naqif Həmzəyev iştirak ediblər. 

Xatırladaq ki, dünən Ukrayna nümayəndə heyəti Azərbaycan Xarici İşlər, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərində görüş keçirmişdi.