Rəşad Natiq
Sənət 09:50 05.04.2021

Dostoyevskini tanımayan böyük yazıçı...

Rəşad Natiq

Folkner müsahibələrin birində Dosteyevskini tanımadığını vurğuladIğı zaman ona yönələn təəccüblü baxışlara belə cavab vermişdi: "Amma...” Ədəbiyyat baxmasını bilən üçün "amma”larla bəzənmiş süjetdir, onun qeyri-adiliyi, təsiri, bədbəxtliyi və hələ ecazkarlığı da ona aid olan bir "amma” ilə məlum olur. 
Lev Tolstoy sənətin "amma”sını car çəkən peyğəmbərlərdən biri idi. Onun gündəliyində vurğuladığı bu məqam, bu "amma” üçün verilə biləcək ən gözəl tərifdir: 

"Möhtəşəm əsərlər yaradan dühalar eyni şəkildə ən bərbad əsərləri də yaratdılar, AMMA (!) biz onlardan bəhs etdikdə bütün əsərləri haqqında yüksək fikirlər səsləndirməyə çalışırıq”. 

Bunu o Tolstoy deyirdi ki, Şekspirin əsərlərindən az da olsa zövq almaq üçün az qala bütün dillərdə onu təkrar-təkrar oxumuşdu.
 
Ədəbiyyat yazıçısından müstəqil şəkildə dəyərləndirilməlidir. Bunu dəfələrlə vurğulamış olan Tolstoyun əsərləri də, bərbadlıq və möhtəşəmlik arasında sərhəd dəyişir. "Anna Keranina” əsərində tanrıdan insana qədər hər dərinliyə baş vuran böyük yazıçı, eyni illərdə yazdığı "İnsan nə ilə yaşayır” adlı hekayələr toplusunda o qədər səthi qalır ki, kitabın üzərindəki adı silsək heç bir ciddi ədəbiyyatçı o hekayələri Tolstoyun yazdığına inanmaz. Eyniadlı hekəyədəki əsas obrazın çılpaq insanını (sonradan mələk olur) gördükdə ilkin rekasiyası ona yardım etməmək olduğu halda, Tolstoy insan xislətindən xəbərsiz şəkildə hekayənin süjetində inqilab edərək bədii sənəti düşüncəyə qurban verir: Əsas obraz əsərin əvvəlindən çılpaq insana kömək etməyi seçir. Sonradan çılpaq obrazın mələk şəklində zühuru isə, Tolstoyun qələmi ilə ədəbiyyatı şeytan surətində məhv etməsindən başqa bir şey deyil. 

Böyük yazıçı "Anna Karenina” əsərində yaratdığı bənzərsiz insanı yuxarıda bəhsi keçən həkayəsində düşüncə alətinə çevirir, həmin insan ədəbiyyatda sadəcə missiyanı yerinə yetirmək üçün yer alır və bu missiya da ən azı Tolstoyun əsərdəki uğursuzluğu ilə qardaşdır: "İnsan hər kəsə yaxşılıq etməlidir”. Bu missiyanın absurdluğu Tolstoyun yazıçılığını peyğəmbərliyə fəda etmə cəhdindən başqa bir şey deyil. Tolstoy ona böyük şöhrət qazandıran əsərlərindən sonra yazıçı olmaqla yetinməyərək peyğəmbərlik missiyasını üzərinə götürdü ki, bu da onun yazıçı olaraq könüllü intiharına səbəb oldu.    
Könüllü intihar demişkən, Dostoyevskinin Kirilovuna keçid etməsək günah olar. "Şeytanlar” əsərinin qəhramanlarından Kirilov əsər başlar-başlamaz obrazların da, oxucuların da başın xarab edir: 

"Mən intihar edəcəm!” 

Dosteyevkiyə xas olan bu üslubda bir fəlsəfə insan şəklində meydana çıxaraq bənzərsiz təhlillərlə vahiməli şəkildə hərəkət edir. Vladimir Nabokovun "Rus ədəbiyyatı mühazirələri”ndə qeyd etdiyi tənqidlərlə razılaşmamaq olmur: 

"Dostoyevski böyük həqiqət axtaran, xəstə insan ruhunun dahi araşdırmaçısıdır; bununla belə, Tolstoy, Puşkin və Çexov kimi böyük sənətkar deyil. Onun romanları səhnələr, dialoqlar, az qala bütün personajların iştirak etdiyi səhnələr zəncirindən ibarətdir – janrın tələbinə uyğun məcburi səhnələr, gözlənilməz qonaq, komedik sonluq və s. kimi çoxlu teatral fəndlər var”. 

Nabokovun qeyd etdiyi səhnə, dialoq və gözlənilməzlik, Dostoyevskinin demək olar ki, bütün əsərlərində rast gəldiyimiz ənənəvi silahlardır. Onun əsərlərində hərəkət edən ideyalar görürük, insanları isə o qədər acizdir ki ən sərrast gözlərlə belə onları görmək çox çətindir. Digər bir tərəfdən isə ədəbiyyat dediyimiz şey, gözlə görülməyəni yaratmaq deyilmi? Dostoyevski onu yaradərkən belə, onun əslinə sadiq qalaraq bizim üçün onu açıq hədəf etmir. "Şeytanlar” əsərindəki Kirilovun intihar etməkdəki əminliyi ilə, intihar anındakı tərəddüdü arasında gizlənən böyük fəlsəfəni yaradan Dostoyevski dahi deyilmi? Bununla belə Nabokovun böyük yazıçıya qarşı çəkdiyi qılınc da əbəs deyil: gözlənilməzlik, teatrallıq, məcburilik, janrın tələblərinə görə mahnının havasına uyğun rəqs və sair. Dostoyevskinin böyüklüyü və bütün uğursuzluğu ona baxan gözün diqqət etdiyi şəkildədir. 

Əsrlər boyu yazıb yaratmış bütün böyük yazıçıların əsərlərində, həm uğursuz, həm də kifayət qədər uğurlu adlandıra biləcəyimiz ünsürlər gizlidir. Yazıçı bəzən obrazın çaldığı havaya görə oynamalı olur, bəzən isə bunun tam əksi reallaşır. Tolstoyun yuxarıdakı adı keçən hekayəsindəki uğursuzluğu onun adına xələl gətirə bilməyəcəyi kimi, Dostoyevskinin də əsərlərindəki gəzən ideyalar onun əsərlərinin bədiilikdən uzaq olduğu anlamına gələ bilməz. Ədəbi tənqidçi əsəri mütləq yazıçısından müstəqil şəkildə dəyərləndirməlidir. Hər sənətin uğuru və uğursuzluğu onun fərqli bir detalınta gizlidir. Bir detalı mübaliğə edərək bütün sənətə bərabər tutduğumuz zaman lupa ilə həqiqət axtarışına çıxmış qocalara bənzəyirik. Nabokov öz lupasını ideyaya və teatral səhnələrə yönəltdiyi zaman, Dostoyevskinin xəstə ruhun dahi tədqiqatçısı olduğunu da unutmur. 

Hansısa bir yazıçını bərbad adlandıra bilmərik. Tənqidçi mətnə yönəlməlidir və əgər mətndə qüsur varsa, bu qüsur yenə də yazıçının yox, mətnin qüsurudur. Yazıçı isə istənilən halda qüsurları və bütün qüsursuzluğu ilə yaradıcıdır. Yaratmaq dediyimiz şey isə Adəmdən bu günə qüsurlarla həmrəydir... 
Qayıdaq Folknerin müsahibəsinə... Folkner həmin müsahibəsində Dostoyevskini tanımadığını qeyd etdiyində, hər kəs o məşhur sualı verir: "Karamazov qardaşları”nı necə?”, Folkner Karamazovu tanıyıram dedikdə isə hər kəs yenidən təəccüb içində onu izləyir... 
Bu yazının müəllifi də, nəyisə zibilliyə atmazdan öncə sənətkarı yox, sənəti tanımanızı arzu edir. Dostoyevskiyə və ya Tolstoya yox, onların sənətinə nüfuz edək. Qiymət də sənətkarın yox, sənətin haqqıdır!