Ölkə 18:11 06.12.2022

DSX-nin Akademiyasında yanğın: Elçin Quliyev hadisə yerinə gəldi, 14 nəfər zəhərləndi (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən m əlumat verilib.
 
18.06

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib.

Bu barədə Qaynarinfo-ya TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, DSX-nin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.
 
17.56

Dekabrın 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğın lokallaşdırılıb, DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerinə gəlib.

Bu barədə Qaynarinfo-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin "102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Baş verən hadisə ilə əlaqədar DSX-nin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, yanğın qısa zamanda lokallaşdırılıb.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.

"Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd edilib.

Fövqəladə Hallar Nazirlyindən isə bildirilib ki, bu gün saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. 

FHN-in qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
17.15
 
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının binası yanır.

"Report"un xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri aparılır.