Ölkə 18:17 17.01.2023

Şəbəkə şirkəti vətəndaşa qarşı dələduzluq edib - QNET-lə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediləcək

Sumqayıt sakini Xəyalə Haqverdiyeva QuestNet (QNET) şirkəti tərəfindən aldadılıb. 

Bu barədə Qaynarinfo-ya onun özü bildirib. Xəyalə Haqverdiyevanın sözlərinə görə, QNET-in toruna tanışları vasitəsi ilə düşüb: 

"Bu ilin avqustunda tanışım Nəsimi Paşayev məni biznes qurmaq adı ilə QNET adlanan bir şəbəkəyə üzv etdi. Mənə bildirdilər ki, bu şəbəkə vasitəsi ilə qanuni sahibkarlıq fəaliyyəti göstərib, yaxşı gəlir əldə edə bilərsən. Mən də verilən vədlərə inanaraq bankdan 5000 AZN kredit götürdüm. QNET-in şərtinə görə həmin pula şəbəkənin məhsullarından almalıyam".

Xəyalə Haqverdiyeva sonradan öyrənib ki, bu şəbəkə dələduzluqla məşğuldur: "Mənə məlum oldu ki, xeyli adam QNET-in toruna düşüb. Onlardan biri də mənəm. Dərhal pulumu geri qaytarılmasını tələb etdim. Lakin onlar məhsul sifariş etdiklərini və artıq məhsullarının gəldiyini deyərək məni onları götürməyə çağırdılar. Mən isə həmin saxta məhsulları istəmirəm. Məhsulların saxta olduğunu isə mətbuatdan öyrənmişəm. Bu barədə mətbuat vasitəsi ilə hüquq-mühafizə orqanlarına ünvananlanan müraciətləri oxumuşam. Məlum olur ki, vətəndaşlara baha qiymətə satılan seplər, üzüklər və mütxəlif əşyların əslində heç bir dəyəri yoxdur. Yəni, onlar adi metaldan düzəldilib”.

Şikayətçi deyib ki, hazırda bankın kreditini ödəyə bilmir. Şirkət isə onun pulunu qaytarmaq istəmir. "Yoldaşımdan ayrılmışam, tək qadınam. Öhdəmdə övladım və yaşlı anam var. Onları dolandırmaq üçün min-bir əziyyət çəkirəm. Hazırda bankın kreditini ödəyə bilmirəm, faiz də dayanmır”.

Xəyalə Haqverdiyeva məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin hələ ki, ona heç bir cavab verilmədiyini deyib: "Ona görə də yenidən müraciət etməyə hazırlaşıram. Həmçinin media vasitəsi ilə daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət edərək, bu məsələni diqqətə almasını xahiş edirəm”.

Seyid