Siyasət 15:19 20.08.2022

Ərdoğan və Zelenski anlaşa bilmədi (ŞƏRH)

Lvovda iki gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında baş tutan üçtərəfli görüşdə əsasən Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və Zaporojye AES-i ətrafında cərəyan edən prosesləri müzakirə ediblər. Üçtərəfli görüşdən əvvəl Zelenski həmçinin ayrı-aryılırda həm Türkiyə Prezidenti, həm də BMT Baş katibilə təkbətək görüşüb. Görüşdə bir sıra məsələlərlə bağlı razılıq əldə olunsa da, əsas məqam atəşkəsin əldə edilməsi istiqamətində heç nir irəliləyiş olmayıb. Əksinə, Zelenski bəyan edib ki, rus qoşunları Ukrayna ərazisini tamamilə tərk edənə qədər mübarizəni davam etdirəcək. 

Lvov görüşünü Qaynarinfo-ya şərh edən Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edir ki, son dövrlər Ərdoğan dünya siyasətinə daha çox təsir etməyə başlayıb:"İstər onun İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları vasitəsilə hər iki ölkə taxılının Şimali Afrika və Yaxın Şərq ölkələrinə daşınmasını təşkil etməsi, eyni zamanda onun Lvova səfər edərək burada Ukrayna Prezidenti ilə BMT Baş katibi arasında olan danışıqları, bu tip digər addımları Türkiyənin dünya siyasətində rolu və təsirinin artmasının təzahürüdür. Türkiyənin təsir imkanlarının artması isə Azərbaycanın da mənafeyinə uyğundur. Bu görüşdə hansı razılığın əldə olunub olunmadığı barədə məlumatlar daha çox siyasi analitiklərin versiyalarına əsaslanır. Əslində danışıqlar əsasən qapalı keçirilib. Ona görə də nəticənin nədən ibarət olması hələlik tam şəkildə aydın deyil. Ancaq görüşün özünün baş tutması, Ərdoğanla Zelenski arasında gedən müzakirələr, onun Ukraynanın ərazi bütövlüyünü tanıması artıq dəyərləndirməyə layiq olan müsbət nəticələrdir”. 

Partiya başqanı hesab edir ki, Rusiya-Ukrayna müharibəsi keçirilən bir neçə görüşdən asılı olan müharibə deyil: "Danışıqlar vacibdir. Ancaq hər şey döyüş meydanında həll olunacaq. 44 günlük müharibədə olduğu kimi Rusiya-Ukrayna müharibəsinin də nəticəsini hərbi qarşıdurma müəyyənləşdirəcək. Ukraynanın qalib gəlməsi fonunda Moskva Qərb koalisiyasının şərtlərini qəbul etməli olacaq”.
 
 

ASDP sədri Araz Əlizadə görüş barədə qeyd edir ki, Ərdoğan ora getməklə indiki halda yeri şumladı, vaxtı gələndə isə toxumu əkib, məhsul götürəcək:"Ərdoğan seçkilərə hazırlaşır. Ona görə də özünün beynəlxalq əlaqələrini əvvəlki tək genişləndirir. O gözəl bilir ki, Putin Zelenskini qəbul etməyəcək. Lakin necə deyərlər, "yeri şumlayır, vaxt gələcək toxumları əkəcək və məhsul götürəcək”. 

Quterreşin isə Lvova gedişinin heç bir mənası olmayıb. O, ABŞ nə deyirsə, onu da edir.Bu səbəbdən onun səfərindən nəsə gözləməyinə dəyməzdi. Təsəvvür edin ki, BMT Katibliyinin adi əməkdaşı təhlükəsizlik məsələsini əsas gətirməklə qurumun baş katibinə Zaporojyeyə getməyi qadağan edib. Dünya Rusiyaya qarşı birləşib. Çalışırlar ki, Rusiyaya çox ziyan dəysin. Başları çatmır ki, Zaporojye AES-də qəza baş versə, bu, ümumbəşəri qəza olacaq”. 

Rüfət Sultan