Dünya 17:35 07.06.2023

Ərdoğanla Zelenski telefonla danışdı: Türkiyə prezidenti komissiya yaratmağı təklif etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

Söhbət zamanı liderlər Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər.

Digər məsələlərlə yanaşı, Ərdoğan Kaxovka bəndində baş verən partlayışı təfərrüatı ilə araşdırmaq üçün müharibə edən tərəflərin, BMT və beynəlxalq ictimaiyyətin, xüsusən də Türkiyənin ekspertlərinin iştirakı ilə komissiya yaradılmasını təklif edib.

Türkiyə prezidenti bununla bağlı mümkün olan hər şeyi edəcəyinə söz verib və "taxıl sazişi” modeli üzrə danışıqlar aparmağı təklif edib.

"Münaqişələr davam etdikcə hər gün humanitar itkilərin qarşısını almaq mümkün olmayacağını, buna görə də danışıqlara qayıtmaq fikrinin üstünlük təşkil etməli olduğunu vurğulayan Ərdoğan ədalətli sülhün bərqərar olması üçün səylərini qətiyyətlə davam etdirəcəyini bildirib”, deyə Türkiyə Prezident Administrasiyası qeyd edib.

Ukrayna prezidenti də türkiyəli həmkarı ilə söhbət barədə məlumat verib.

Zelenski bildirib ki, o, Ərdoğana Rusiyanın Kaxovka SES-də törətdiyi terror aktının humanitar və ekoloji nəticələri, xüsusən də Zaporiya AES üçün risklər barədə danışıb və Ukraynanın fəlakətin aradan qaldırılması üçün təcili ehtiyaclarının siyahısını təqdim edib.

"İşğalçı qüvvələrin Ukrayna ərazisindən çıxarılmasına gəlincə, Türkiyənin səsi vacibdir. Həmçinin qanunsuz həbsdə olan vətəndaşlarımızın, xüsusən də Krım tatarlarının geri qaytarılması, taxıl təşəbbüsünün davam etdirilməsi və genişləndirilməsi haqqında", deyə Zelenski əlavə edib. 

Nizami Bağırov