Siyasət 19:10 11.04.2023

Ermənistan-Azərbaycan sərhədində Aİ və KTMT-nin maraqlarının toqquşması (ŞƏRH)

"Avropa İttifaqı ilə yanaşı KTMT missiyasının eyni vaxtda Ermənistan-Azərbaycan sərhədində olması mümkün deyil”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Aİ missiyasının ardınca KTMT-nin də öz missiyasını Ermənistan sərhədinə göndərmək niyyətinin verəcəyi nəticələrdən danışarkən deyib.

Ekspert bildirib ki, Rusiya Aİ missiyasının Ermənistana gəlməsi fonunda KTMT missiyasının da göndərilməsini gündəmə gətirməklə mövcud vəziyyətlə barışmadığını nümayiş etdirir:



"Əks qütblərdən ibarət iki missiyanın Ermənistan sərhədində olması Qərblə Rusiya arasında gerçək toqquşmaya səbəb ola bilər. Bu səbəbdən də hesab edirəm ki, Aİ ilə yanaşı KTMT missiyasının eyni vaxtda sözügedən bölgədə olması mümkün deyil. Bu inandırıcı görünmür". 

Ekspert qeyd edib ki, Aİ misiyasının sərhədə gətirilməsi və KTMT-nin də bu istiqamətdə təşəbbüsləri daha çox geosiyasi oyunçuların Ermənistana yönəlik diqtəsinin nəticəsidir:
 
"Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq əvəzinə, çətin situasiyalar yaratmaqla məşğuldur. İrəvanın eyni anda iki və daha çox kresloda oturmaq cəhdi də göstərir ki, bu ölkə sülhün əldə edilməsində xoşməramlı deyil. Avropa İttifaqı missiyasının Ermənistan sərhədinə gətirilməsi də İrəvanın müstəqil siyasət yürütmək iqtidarında olmadığını göstərir. Aİ misiyasının sərhədə gətirilməsi və KTMT-nin də bu istiqamətdə təşəbbüsləri daha çox geosiyasi oyunçuların Ermənistana yönəlik təzyiqin nəticəsidir. Ermənistan bu hərəkətilə alət olduğunu bir daha sübutlayır. 

Qeyd edim ki, Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədinə gətirilməsi özünü doğrultmadı. Missiyanın əsas məqsədi Ermənistanı təxribatlara hazırlamaq idi. Bununla Azərbaycanı çəkindirməyə çalışırdılar. Azərbaycan isə yaxın tarixdə atdığı addımlarla göstərdi ki, ermənilərə havadarlıq edən hansısa missiyaların mövcudğulu onu heç nədən çəkindirmir və çəkindirməyəcək. Çünki Azərbaycan beynəlxalq hüquqa əsaslanan hüquqlarını müdafiə edir. Nə Aİ missiyası, nə də KTMT Azərbaycanı öz ərazi bötüvlüyünü tam şəkildə təmin etməkdən çəkindirə bilməz”.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvada rusiyalı həmkarı ilə birgə mətbuat konfransında KTMT missiyasının da Azərbaycan-Ermənistan sərhədinə göndərilməsi ilə bağlı qərar layihəsi müzakirə olunduğunu bildirib. Öz növbəsində Rusiya XİN-in rəhbəri Sergey Lavrov da bildirib ki, missiyanın göndərilməsi ehtimalı gündəmdədir və KTMT buna tamamilə hazırdır. 

Rüfət Sultan