Siyasət 13:57 10.01.2023

Ermənistan cəmiyyəti qütübləşir: Paşinyan müstəqil medianı boğmağa başladı

"Paşinyanın mətbuat konfransına müxalifət jurnalistlərinin dəvət edilməməsi Ermənistan cəmiyyətində qütbləşmənin getdikcə daha kəskin xarakter aldığına işarədir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev Ermənistan baş naziri Nikol Paşinyanın bu gün keçirəcəyi mətbuat konfransına ona müxalif radikal jurnalistlərin dəvət olunmamasının səbəblərindən danışarkən deyib. Politoloq bildirib ki, artıq Paşinyan "Qarabağ klanı”nın tənqidləri, suallarını belə eşitmək istəmir:

"Qütbləşmə əvvəllər də var idi, amma indiyə kimi onu mümkün qədər gizlətməyə çalışırdılar. Ölkədə Paşinyanla "Qarabağ klanı”, habelə baş nazirlə qondarma rejim rəhbərliyi arasında gərginlik yaşanır. Lakin indiyə kimi onlar aralarında olan dərin çatları gizlətməyə çalışırdılar. Amma indi vəziyyət artıq o həddə çatıb ki, Paşinyan "Qarabağ klanı”nın tənqidləri, suallarını belə eşitmək istəmir. Ona görə də "Qarabağ klanı”na yaxın olan və digər müstəqil jurnalistləri mətbuat konfranslarına buraxmaq istəmirlər. Bu da artıq tərəflər arasında olan düşmənçiliyin açıq müstəviyə keçdiyini göstərir. Mövcud gərginlik daha da artacaq”. 

Ekspertə görə, atılan bu addım həm də onun göstəricisidir ki, Paşinyan ola bilsin qarşı tərəfə bağlı jurnalistlərin suallar, replikalar, atmacalar, ittihamlarla çıxışına maneə ola biləcəyindən ehtiyat edir:

"Ona görə də həmin jurnalistləri mətbuat konfransına dəvət etməməklə həmin olayın baş verməsinin qarşısını almağı düşünürlər”. 

Qeyd edək ki, erməni mətbuatnın yazdığına görə, Nikol Paşinyan bu gün mətbuat konfransı keçirəcək. Tədbirdə Nazirlər Kabinetinin keçmiş idarə rəisi, hazırda Paşinyanın administrasiya rəhbərinin müavini, feyk xəbərlər yaymaqla ad qazanan Taron Çaxoyanın seçdiyi media iştirak edəcək. Paşinyanı tənqid edən jurnalistlər tədbirə dəvət edilməyiblər. 

Rüfət Sultan