Siyasət 18:53 22.09.2022

Ermənistanın sabiq prezidentləri birləşir? (ŞƏRH)

Ermənistanın "Hraparak” qəzetində dərc olunan məlumata görə, yaxın günlərdə Ermənistanın üç eks-prezidenti - Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanın birgə görüşü olacaq. Görüşdə həmçinin katolikos II Qaregin də iştirak edəcək. Mövzu isə Ermənistandakı ağır vəziyyətin birlikdə müzakirə edilməsidir. Təşəbbüskar qismində isə Ter-Petrosyan çıxış edib.
 
Bildirilir ki, Ter-Petrosyan öz qarşısına Ermənistanın Azərbaycanla toqquşacağı təqdirdə ölkənin üzləşəcəyi təhlükələr barədə digər iki həmkarına izahat vermək vəzifəsi qoyub. Ter-Petrosyan onları müharibədən çəkindirməyə və bu mövzuda hazırkı hökuməti dəstəkləməyə çalışacaq. Qeyd edək ki, iki gün bundan əvvəl Ermənistanın birinci prezidenti qondarma rejimin lideri kimi təqdim olunan Araik Arutunyanla da görüşüb.
 
Bu görüşdə də Ter-Petrosyanın Araikə Azərbaycanla razılığa gəlməyin vacib olduğunu anlatdığı bildirilir. Xatırladaq ki, illər öncə də Petrosyan İrəvanın Azərbaycanla razılığa gəlməsinin vacibliyini vurğulamışdı. Keçən əsrin 90-cı illərin ikinci yarısında Ter-Petrosyan münaqişəyə toxunarkən bildirmişdi ki, Azərbaycanın bu gün istədiklərini sabah biz öz xoşumuzla verməli olacağıq, hətta bundan artığını da verməyə məcbur olacağıq. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi möhtəşəm qələbə Petrosyanın bu məsələdə haqlı olduğunu bütün çılpaqlığı ilə ortaya qoydu. Bəzi ekspertlər isə Ter-Petrosyanın bu fəallığını özünə xal qazanmaq, digər eks-prezidentlərlə müqayisədə daha nüfuzlu olduğu obrazını formalaşdırmaq cəhdi kimi dəyərləndirir. 

QAFSAM sədri Araz Aslanlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, Ter-Petrosyan Sarkisyan, Koçaryan və II Qaregini öz çirkin niyyətlərindən çəkindirə bilməyəcək:



"Ter-Petrosyan 1991-ci ildən Paşinyana qədərki Ermənistan tarixində bu ölkənin real durumu və Qarabağ problemilə bağlı real mənzərəni nisbətən düzgün anlayan siyasətçilərdən sayılır. Ermənistan münaqişə ilə bağlı öhdlikləri yerinə yetirməli idi, amma etmir. Petrosyan isə başa düşdü ki, bu istiqamətdə addım atmaq lazımdır. O, həmçinin 44 günlük müharibədən sonra da bu istiqamətdə addım atmağa səslədi. Ter-Petrosyanın yanaşması revanşizmin qarşısını almaqdır. Bu baxımdan Petrosyan Sarkisyan, Koçaryan və digərlərini də bu yönə istiqamətləndirməyə çalışacaq. Amma bütün hallarda Paşinyana müxalif qüvvələrin həmin prosesə qoşulmama ehtimalı daha böyükdür. Çünki onların bir hissəsi Ermənistandan kənardan idarə olunur, bir hissəsinin də başqa maraqları var”. 

Həmsöhbətimizə görə, Ter-Petrosyanın bu mövqedən çıxışı Paşinyanın mövqeyini bir qədər gücləndirəcək və Ermənistanda revanşizm meyllərinin zəifləməsinə imkan yaradacaq. 

Rüfət Sultan