Dünya 17:28 12.01.2023

“Əsəd və Ərdoğan barışır, İran isə”... - Politoloq

"Suriyada Bəşər Əsəd hakimiyyətini qorumaqda maraqlı olan İran onun Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla barışmasında da maraqlıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ruasiya prezidenti Vladimir Putin ilə İran prezidenti İbrahim Rəisi arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

"Son illər Rusiya ilə İranın ciddi şəkildə bir-birinə yaxınlaşdığı hiss olunur. Hər iki ölkənin Qərbə qarşı olması da onları zorən müttəfiqliyə sürükləyir. Ukrayna hadisələrində İran dronlarının Rusiya tərəfindən Ukraynanın dinc əhalisinə qarşı istifadə olunması da beynəlxalq aləmdə narahatlıq yaradılıb. Hətta bununla bağlı BMT səviyyəsində də İrana qarşı müəyyən çağırışlar edilib. Bu baxımdan, Tehranla Moskvanın müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirəcəkləri gözləniləndir. 



Hər iki ölkə dünya birliyi tərəfindən güclü sanksiyalarla üzləşdiyindən, nəqliyyat-liqostik imkanların əlaqələndirilməsi, həm də iqtisadi və digər sahələrdə əməkdaşlığın artırılması gözlənilən prosesdir. Ərdoğanla Əsədin barışması üçün Putinin İranın da razılığını almasına gəlincə, Tehranın ilk gündən buna razı olacağı bəlli idi. Çünki İran üçün vacib məsələ Əsəd hakimiyyətinin qorunub saxlanılmasıdır. Bu mənada, Suriya liderinin Ərdoğanla barışması Tehranın da maraqlarına cavab verir”. 

Qeyd edək ki, Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı baş tutub. Tərəflər söhbət zamanı enerji, nəqliyyat və logistika sektorlarında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi müzakirə edilib. Putin və Rəisi Suriya nizamlanmasında əsas rol oynayan Astana prosesi çərçivəsində koordinasiyanı müsbət qiymətləndiriblər. 

Rüfət Sultan