Hüseynbala Səlimov
Dünya 09:45 20.02.2023

Estafeti Moldova götürür?..

Hüseynbala Səlimov

Bəli, Rusiya Ukraynaya hücum edəndən sonra keçmiş sovet respublikalarının, xüsusən də Avropa Birliyinə və NATO-ya üzv olmağa hazırlaşan post-sovet ölkələrinin avro-ehtiraslarının səngiyəcəyi ehtimal olunurdu.

Amma belə olmadı. Avropa İttifaqı və NATO yönümlü bəyanatlar səslənməkdə davam etdi. Üstəgəl, Ukrayna və Moldova Avropa İttifaqına "namizəd dövlət "statusu aldılar, Gürcüstanın qarşısına isə şərt qoyuldu və onun bu şərtlərə əməl edəcəyi təqdirdə Tiflisin belə statusla mükafatlandırılacağı vəd edildi.
Rusiya bu prosesləri nisbətən sakit qarşıladı. Kreml bəyan etdi ki, o, post-sovet ölkələrinin NATO-ya üzv olmasının əleyhinədir, bu ölkələrin Avropa İttifaqına inteqrasiyası isə onların suveren hüququdur.

Amma son vaxtlarda Rusiya ilə post-sovet ölkələri arasında kəskin bəyanat mübadiləsi davam edir. Düşünmək olardı ki, belə olmayacaq, onja görə ki, Moskva Ukraynaya hücum etməklə necə bir hərbi-siyasi bataqlığa düşdüyünün fərqində olmalı idi.

Bəs bunun əvəzində nələr baş verdi? Kreml işarə etdi ki, Ukraynadan sonra Moldova ilə haqq-hesab çəkəcək. 

Ona görə ki, bu ölkə də Avropa yönümlü siyasət yürüdür, bu azmış kimi, onun prezidenti Rumıniya vətəndaşıdır və qatı qərbpərəst siyasətçidir. Məhz bu səbəbdən son vaxtlar Kişinyov-Moldova münasibətlərində bir gərginlik duyulur. Bu yaxınlarda Moldovanın baş naziri bəyan etdi ki, MDB çərçivəsində qəbul edilmiş sənədlər denonsasiya ediləcək, çünki ölkənin əsas hədəfi Avropa İttifaqına üzv olmaqdır...

Qeyd etmək lazımdır ki, post-sovet ölkələri təkcə Rusiya tərəfdən təzyiq yaşamır, onlara Qərb də təzyiq edir. Məsələn, bu yaxınlarda Gürcüstana işarə edildi ki, o, daha konkret siyasət aparmalıdır. 

Bəlli olduğu kimi, Rusiya Ukraynaya hücum edəndən sonra Tiflis Moskvaya qarşı siyasətini mülayimləşdirib. Biz bunu başa düşərdik, əgər bir məqam olmasaydı. Gürcüstan rəsmiləri hələ də keçmiş prezident M.Saakaşvilini həbsdə saxlayırlar. Eks-prezidentin səhhətinin pisləşməsi belə onların ürəklərini yumşaltmır. Odur, belə alınır ki, rəsmi Tiflıs həm qorxur, həm də qorxudur...

Hazırda keçmiş GUAM ölkələrinin üçü ikitərəfli təzyiq altındadır. Azərbaycan çoxdan bu üçlükdən fərqli siyasət yürütməyə başlayıb, NATO ilə münasibətlər qurmağa cəhd etməyib, bunun əvəzində isə Qoşulmama Hərəkatına üzv olub, hazırda ona sədrlik edir. Amma bu da Moskvanı Bakıya qarşı mülayim siyasət yürütməyə vadar etmədi. Bakı belə güman edirdi ki, o, Dağlıq Qarabağ məsələsini tamam həll edib. Gəl, belə olmadı. Moskva Dağlıq Qarabağın kiçik separatçı hissəsini öz nəzarətində saxlamaqda davam edir. Bura hətta dinc azərbaycanlı eko-fəalları belə buraxmırlar, o ki qaldı, dövlət rəsmiləri və hərbçilər ola...

Bir sözlə, keçmiş sovet məkanı əsl qazan kimi qaynayır. Arabir Moskvanın Baltik respublikaları da toqquşmaları olur. Bu müstəvidə tez-tez diplomatik gərginlik müşahidə olunur. O ki qaldı neytral Azərbaycana qarşı yürüdülən siyasətə, bir daha qeyd edək ki, Moskva burada mürəkkəb siyasət yürütməkdə davam edir. Məsələn, Kremlin də "Minck Qrupu tarixin zibilliyinə atılıb” deməsi ilk baxışda onun Bakı ilə eyni siyasi cinahdan çıxış etməsi təəssüratını yaradır. Amma bu ilk baxışda belədir. Əslində isə Moskva bölgədəki rəqiblərini bir-bir sıradan çıxarmaqda və Dağlıq Qarabağ tamamilə öz nəzarətinə keçirməkdədir.
Unutmayaq ki, bir vaxt biz özümüz Rusiyanın bölgədəki hegemonluğuna son qoymağa çalışırdıq. Amma nə edəsən ki, Minsk Qrupu ümidləri doğrultmadı, otuz il gözlədik, heç bir nəticə alınmadı. 

Elə o səbəbdən də Minsk Qrupunun yerində geosiyasi boşluq yaranmasına qəti imkan verməməlıiyik, bu boşluğu qardaş Türkiyənin hesabına doldurmalıyıq. Ona görə ki, Moskvanın hegemon olduğu dövrləri görmüşüşük. 

Dağlıq Qarabağ tsiklinin təzədən başlamasına imkan vermək olmaz. Otuz il bundan əvvəl də Rusiya Dağlıq Qarabağda Xüsusi İdarəetmə Komitəsi yaratmışdı. Əslində hər şey də bundan başlanmışdı – bir də gördük ki, bölgə tamam Azərbaycanın nəzarətindən çıxıb...