Amal Abuşov
İdman 14:06 27.08.2021

Eyyuba dəniz verin, “Qarabağ”a meydan

Amal Abuşov

"Aberdin”in baş məşqçisi Stiven Qlass "Qarabağ”la oyundan sonra səmimi etiraflar edib. İş o yerə gəlib çatıb ki, klubun mətbuat xidməti çalışdırıcının bu fikirlərini "inanılmaz dərəcədə dürüst” təyini ilə qiymətləndirib. Sitat: "Qarabağ” bizdən daha yaxşı idi və çıxıb bunu göstərdilər”.

Mən əminəm ki, "Qarabağ”a münasibətinin necəliyindən asılı olmayaraq, futbolla maraqlanan istənilən azərbaycanlı "köhlən atlar”ın dünənki oyunundan zövq aldı. Qurban Qurbanovun yetirmələri müdafiədə hədsiz etibarlı və səliqəli oynayır, hücumların kəsirini istədikləri anda artıra bilirdilər. Vurulan 3 qol da bu effektiv oyunun əsl qiyməti idi. "Qarabağ” mükəmməl oynadı və bu mükəmməl oyunun da mükafatı qazanılan möhtəşəm qələbə, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə oldu. Ardıcıl səkkiz mövsüm avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaq sıradan bir olay deyil. Üstəlik, bunu bir Azərbaycan klubunun bacarması mükəmməl nəticədi. Start heyətdə yeddi azərbaycanlı futbolçunun yer alması, oyunda hesabı gənc Toral Bayramovun açması isə bir ayrı gözəllikdi.

"Qarabağ” Şotlandiyada sözün əsl mənasında istədiyi meydanı tapmışdı. Həm ot örtüyü mükəmməl idi, həm də "Aberdin”in təklif etdiyi oyun üslubu, mübarizə forması. Bəzən biz təəccüblənirik ki, nə üçün Abdullah Zubirin oyunu Azərbaycan Premyer Liqasında avorkuboklardakı kimi alınmır?! Səbəb çox sadədi. Bizim çempionatda rəqiblər Zubirlə futbolçu kimi yox, əsl düşmən kimi mübarizə aparırlar, zərbəni topa yox, onun ayağına vururlar. Zubir də insandı, Xayme Romero da. Onların da bizim kimi iki ayağı, iki əli var. Özü də onlar həmin ayaqlarla özlərinə, ailələrinə çörək qazanırlar. "Sumqayıt”ın, "Səbail”in müdafiəçiləri onların ayağını təpikləməyə başlayınca özünüqoruma instinkti işə düşür, istər-istəməz futbolçu mübarizədən çəkinməyə başlayır. Nəticəsi də o olur ki, "Qarabağ” potensialı imkan verən qədər baxımlı oyun sərgiləyə bilmir, səviyyə fərqi hiss edilmir.

Bir necə kəlmə də avstriyalı hakim Harald Lexnerin "Qarabağ”a verdiyi "meydan”dan yazım. Dəfələrlə oldu ki, qapıçı Şahruddin Məhəmmədəliyev topu tutduqdan sonra onu oyuna daxil etməyə tələsmədi. Haraldın göz yumduğu məqam təkcə bu deyildi. Şotlandlar az qala bütün künc zərbələri zamanı topu künc nöqtəsindən xeyli uzaqda qoydular. Frits Ştuxlikin sevimlisi Elçin Məsiyev olsaydı, "6 saniyə qaydası”nın pozulmasına görə "Qarabağ”ın qapıçısını cəzalandırar, şotlandları "küncə sıxışdırardı”. Amma Ştuxlik həmyerlisi Harald Lexner onun sevimli hakimləri kimi davranmır, şablona və xırda təfərrüatlara çox da önəm vermirdi. Referi də bizim kimi gözəl futbolun sehrinə düşüb, hər iki komandaya oynamaq imkanı yaradırdı. Təsadüfi deyil ki, hakimin heç bir qərarı meydanda mübahisə yaratmadı, hansısa gərginliyə səbəb olmadı.

Əsl futbol və onun gözəllikləri də elə budu. "Qarabağ” Azərbaycan futbolunu Avropada ardıcıl səkkizinci dəfə yüksəklərə qaldırmaqla, imzamızı imzalar içinə qatmaqla bu gözəlliyə gözəllik qatdı. Buna görə də başda Qurban Qurbanov və "Qarabağ” rəhbərliyi olmaqla zəhmət çəkən hər kəsə təşəkkür borcumuz var.

Eyyub Yaqubov məşhur mahnılarının birində "mənə dəniz verin” deyirdi. Eyyubuna dənizə ehtiyacı olduğu qədər "Qarabağ”ın da yaxşı meydana, səviyyəli rəqibə və ədalətli hakimə ehtiyacı var. Bundan sonra azarkeşləri sevindirmək "köhlən atlar” üçün çətin iş deyil. Sükanı belə saxlayın!