Dünya 14:27 18.07.2022

Fərəh Pəhləvi "Məcburi hicaba yox" aksiyasını müdafiə etdi

İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı, şahbanu Fərəh Diba (Pəhləvi) ölkədə "Məcburi hicaba yox” aksiyasını müdafiə edib, vətəndaş və insan haqları fəallarının kütləvi həbsinə münasibət bildirib.

Qaynarınfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir.

Şahbani İranda bir zamanlar bütün vətəndaşların inancından asılı olmayaraq, geyim və həyat tərzində sərbəst olduqlarını vurğulayaraq, xalqın istəyi ilə belə bir günün yenidən gələcəyini bildirib: 

"Hər gün qadınlara qarşı hücumlar, onların hüquq və azadlıqlardan məhrum edilməsi ilə bağlı yayılan xəbərlər, görüntülər iranlıların nəcib ruhuna edilən təzyiqlərin göstəricisidir. Mənim vətənimdə qadın və kişilərin sivil yolla mübarizəsinə dair xəbərlər yayılır. Ayrı-seçkiliyə qarşı mübarizənin mənbəyi qürur və şərəfdir. Ölkəmizdəki hakimiyyət bənzərsiz xanımlarımızın bacarıqlarını çiçəkləndirmək əvəzinə ədalətsizliyi, zülmü və rəzaləti artırır. Ancaq bizim ölkə zalımlardan və zorakılıqlardan daha güclüdür”.

Qeyd edək ki, ötən həftə İranda geyimin sərbəstləşdirilməsi tələbi ilə "Məcburi hicaba yox”  (hicab be hicab) aksiyası keçirilib. Etiraz tədbirində qadınlarla yanaşı kişilər də iştirak edib. Polis ölkənin bir sıra şəhərlərində bu aksiyada iştirak etmiş, yaxud hicabsız görüntüləri yayılmış qadınları həbs edib.

Fərəh Pəhləvinin 84 yaşı var. Fransada yaşayır. Əslən görkəmli azərbaycanlı ailədəndir və Təbrizin Şeşgilan məhəlləsində anadan olub.

Aydın