Gülşən Mehdiyeva
Ölkə 13:47 11.04.2018

"Filankəsə səs ver, filan cür olacaq"

Gülşən Mehdiyeva 
 
Ölkəmizdə seçkilər daha çox payız aylarına təsadüf edir, amma mənim təsəvvürümdə "seçmək” deyəndə, yaşıl otların, isti havanın olduğu günəşli dövrlər canlanır.

İnsanların "tikmək” xəstəliyinə yoluxmadığı, maşınların ölkəni ələ keçirmədiyi, hərəkət üçün geniş yer tapılan dövrlərdə məhəlləmizdə böyük həyət içində yerləşən ev var idi. Yerdən bir neçə pilləkən hündürdə tikilmiş bu evin əsas vəzifəsi orada yaşayan ailəni kanalizasiya suyunda boğulmaqdan qorumaq idi. Çünki həyəti basan kanalizasiya suyu sadəcə ilin ən isti aylarında quruyur, evə doğru daha inamla, heç bir süni körpü yaratmadan addımlamaq mümkün olurdu. Üfunət iyinin tərk etmədiyi evin yanındakı köhnə taxta tikili isə tamam başqa mövzu idi. Andrey Tarkovskinin məşhur "Stalker” filminin ab-havası bu xaraba yerdən heç vaxt əskik olmurdu. Hətta isti və günəşli günlərdə belə deşilmiş döşəmənin altındakı gölməçə qurumur, tavandan tökülən və haradan gəldiyi qeyri-müəyyən qalan suyun şırıltısı kəsilmirdi. Kiçik ağırlığa belə tab gətirməyən taxta döşəməyə sahib tikili sanki kəşf edilməyi gözləyən nəyisə özündə saxlayırdı. Fürsət tapan kimi uşaqlarla həyətə girir, bu tikiliyə yeni bir şey görmək, tapmaq ümidi ilə baş çəkir, gölməçəyə düşmək qorxusuna baxmayaraq döşəmədə kiçik və ehtiyatlı addımlar atırdıq.

O dövrdə seçkilər həyatımızın əsas tərkib hissələrindən biri idi. Kələ-kötür divarlara, poçt qutularının üzərinə, taxta dükanlara yapışdırılmış "Filankəsə səs ver, filan cür olacaq” yazılı afişalar aylarla, hətta illərlə bizimlə yaşayırdı. Divarımız, qapımız, hətta zibilimizdə belə seçkinin izlərinə rast gəlmək olurdu. Seçkilərə bir müddət qalmış divarlarda sifətini heç görmədiyimiz, adını eşitmədiyimiz şəxslər bizə müraciət edirdi. Daha sonra haqqında məlumatımız olmayan namizədlərdən birinin güclü olması, qələbə qazanacağı barədə şayiə yayılır və nəticə deyildiyi kimi olurdu. O dövrdə yaşımız az olduğu üçün "seçmək” hüququna hələ sahib deyildik və prosesdə iştirakımız fərqli olurdu. Divardakı seçki qalıqlarını uzun müddət ərzində hissə-hissə qoparır, bizə vədlər verən şəxslərə bığ-saqqal, eynək, papaq çəkirdik. Amma bəzi namizədlərin fotolarını yapışqanın möhkəmliyinə görə sökmək olmur, onlar zamanla divarla bütövləşir, sonradan əlavə edilmiş detal statusunu itirirdi. Növbəti seçkilərdə bu afişaların üzərindən başqa şəxslərin sifəti boylanırdı.

Hərdən hansısa kiçik vəzifəli qohum-tanışların yaşadığı yerdən xeyli uzaq ərazidə namizədliyini irəli sürməsi, 2-ci yeri qazanması, ya da qazandığı 1-ci yeri tuta bilməməsi xəbəri yayılır, bu məlumat uzun müddət söhbətlərə mövzu olur, həmin şəxsin nüfuzunu daha da artırırdı. Yay aylarında səyyar dondurmasatandan dondurma alır, cırılmış divar kağızlarının qarşısında dayanır, sərin şirniyyatı yalaya-yalaya hansısa qohumumuzun son anda seçilə bilməməsini xüsusi intonasiya ilə, milyonuncu dəfə təkrar edir, qalan kağız hissələrini sökməyə yenə kiçik cəhdlər edirdik.

Sonra kanalizasiya suyundan bezən qonşumuz o ərazini başqa birinə ucuz qiymətə satdı. Havaların çox isti keçdiyi bir dövrdə su tamamilə qurudu, bu ərazinin varlığını birdəfəlik unutdu. Ev söküldü, köhnə tikili uçuruldu. Həyət məhəlləyə doğru bir qədər genişləndirildi. Burada 3 kiçik ev inşa edildi və fərqli şəxslərə satıldı. Daha künc-bucaqlarda seçki təbliğatına aid kağız-kuğuzlara rast gəlmədik.