Foto 17:12 14.02.2022

"Gənc Liderlər üçün Qış Universiteti"nin dördüncü günü başa çatdı (FOTOLAR)

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən "Gənc Liderlər üçün Qış Universiteti"nin dördüncü günü müxtəlif panel müzakirələri ilə davam edib. 

Panellərdə iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov "Gənclər Fondu: imkanlar, perspektivlər və hədəflər”, millət vəkili Ceyhun Məmmədov "Dini radikalizmlə mübarizədə gənc liderlərin rolu", təlimçilər Səmral Əliyev və Rüstəm Həsənov "Metaverse", "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova "Zərərli vərdişlərə qarşı mübarizədə gənclərin sosial fəallığının artırılması” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb. 

Günün sonunda "Social Night" proqramına əsasən yaradıcılıq istiqamətində komanda işləri nümayiş olunub. Daha sonra gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb. 

Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyətinə öz təşəkkürünü bildirir. 

Layihənin məqsədi gənc liderlərin kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.