Ölkə 13:45 11.06.2022

Gəncə Dövlət Universitetində "Açıq Qapı" günü keçirildi (FOTO)

Gəncə Dövlət Universitetində yaz semestr imtahanlarının gedişi ilə tanış olmaq üçün 8 iyun 2022-ci ildə "Açıq qapı” günü keçirilib. 
 
Qaynarinfo xəbər verir ki, universitetdə təhsil alan tələbələrin valideynlərinin, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən "Açıq qapı" gününün iştirakçıları imtahan otaqlarını gəzib, yaradılan şəraitlə yaxından tanış olub, valideynlər övladlarının kömpüterdə test suallarına cavab vermələrini müşahidə edib.

Müasir texniki vasitələrlə təchiz edilmiş imtahan otaqları, hər tərəfdə hökm sürən sakitlik və nəzarətçilərin obyektiv fəaliyyəti razılıqla qarşılanıb.

Universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov "Açıq qapı" gününün iştirakçılarına ali təhsil ocağında imtahanların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitlə, tələbələrin imtahanlarla bağlı şikayətlərini və narazılıqlarını araşdırmaq üçün yaradılmış "Apelyasiya komissiyası”nın və "İmtahan qərargahı”nın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

"Açıq qapı” günündə 20-yə yaxın valideyn iştirak edib.

Sonra "Açıq qapı” gününün iştirakçıları 44 günlük Vətən müharibəsində şəhid olub, həm də qazi adını almış universitet tələbələrinin şəkillərindən ibarət guşəyə baxış keçirib, ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirib.

"Açıq qapı” günündə universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə və humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva da iştirak edərək qonaqlara imtahanlara hazırlığın vəziyyəti ilə bağlı ətraflı məlumat verib.