Amal Abuşov
İdman 12:24 02.04.2023

Gəncədəki qazonun gözlərinin kökü saralıb...

Dünən keçirilən "Kəpəz” – "Səbail” qarşılaşmasında meydan sahibləri minimal hesabla qələbə qazandılar. Çoxlarına adi görünə bilər, amma turnir cədvəlinin dərindən incələyəndə görərik ki, Gəncə təmsilçisi həqiqətən də böyük qələbə qazanıb. Niyəsini izah edəcəyəm.

Futbolda "6 xallıq oyun” deyimi var. Prinsipial, eyni pilləyə göz dikən rəqiblər qarşılaşanda bu ifadəni işlədirlər. Çünki qələbə sayəsində 3 xal qazanan tərəf 6 xal irəli düşür. Bir növ sən həm də rəqibini xaldan məhrum edirsən. Bununla da ikiqat irəli düşürsən. Ona görə də belə qarşılaşmaların dəyəri 6 xal təyini ilə yüksək qiymətləndirilir. "Kəpəz”in dünənki qələbəsinin "Səbail” üzərində qazanılması da bu sıraya aiddir. AFFA uzun fasilədən sonra şeytanın qıçını qırıb, deyilənə görə, bu mövsüm turnir cədvəlində sonuncu pillənin sahibi elitanı tərk edəcək. Ona görə də aşağı pillələrdə yer alanlar sonuncu olmamaqdan ötrü dərindən-qabıqdan çıxırlar. Elitanı tərk etmək həm də pulsuz qalmaq deməkdir. Belədə həmin komandanın da mövcudluğunu qoruya biləcəyi sual altındadır. Ona görə də heç kim sonuncu olmaq istəmir.

28-ci tur ərəfəsində "Kəpəz”lə "Səbail” arasında xal fərqi cəmi üçə bərabər idi. İddialara görə, AFFA-dakı müəyyən qüvvələr "Kəpəz”in ətrafındakı söz-söhbətdən, gəncəli veteranların davranışlarından, o cümlədən də Tərlan Əhmədovun son açıqlamalarından narazıdır. Ona görə də həmin qüvvələr "Kəpəz”in elitanı tərk etməsinə çalışırlar. Bundan ötrü əl atılan üsullardan biri də kluba AFFA-dan ayrılan aylıq pulun gecikdiriləmisidir. Sənədlərdə problemin olması bəhanəsiylə son iki ayda ödənişlərdə gecikmələr yarnaıb. Bunun da nəticəsində nəinki futbolçular maaşları, həmçinin də klubun cari xərclərinin verilməsində ciddi axsamalar var. Həmin əməllərin sahibləri ümid edirlər ki, futbolçular ruh düşkünlüyü yaşayacaq, "Kəpəz” sonuncu pilləyə yuvarlanacaq. Amma onların əməlləri "bumeranq effekti” yaradıb. Bakıda "Neftçi”yə uduzmayan "Kəpəz” doğma meydanda da "Səbail”ə qalib gəldi. Nəticədə Gəncə təmsilçisi sonuncu pillədən əməlli-başlı uzaqlaşdı. 7-ci pillədə qərarlaşan "Kəpəz”i indi sonuncu yerdəki "Səbail”dən 6 xal ayırır. Möcücə və oyun alqı-satqısı baş verməsə, hazırkı mənzərənin dəyişməsi heç də real görünmür. Deməli, "Kəpəz” elitadakı yerini qoruyacaq, cürbəcür ölkələrdən 9 (!) legioneri olan "Səbail” diviziona yuvarlanacaq. Bu isə çoxlarının qazanc yerinin kəsilməsi deməkdir.

Çox təəssüf ki, "Kəpəz”in ətrafında bu cür xoşagəlməz hadisələr yaşanır. Qərb təmsilçisini gah futbolçularının əliylə vurub, onları baş məşqçiyə qarşı qaldırırlar, gah da pulu gecikdirib, komandanı ruhdan salmağa çalışırlar. Taleyin istehzasıdı ki, bu planlar baş tutmur, "Kəpəz” elitadan bərk-bərk yapışıb, sona qədər mübarizə aparmaq əzmindədir. Tribunaları qəzalı, paltardəyişmə otaqları konteynerdə qurulan stadionun indi də ot örtüyü saralmağa başlayıb. Həm acınacaqlıdır, həm də obrazlı. 2017-ci ildə AFFA-nın 650 min manat ödəyib, qazon saldırdığı SİS şirkətinin nümayəndəsi Sinan Öztürk həmin vaxt pafos qoxan açıqlamasında belə deyirdi: "İnşallah, burda "Kəpəz” futbol klubuna Avropanın standartlarına görə meydan salacağıq. Ondan sonra "Kəpəz”in uğurlarını gözləyəcəyik”. 

Sinan abi demişkən, Avropa standartlarına uyğun meydan "Kəpəz”in ya uğurlarına, ya da kluba çatmalı olan pula həsrət qalıb. Saralan da qazonun özü deyil, gözüdür...

Amal Abuşov