Dünya 12:50 04.06.2023

Gürcüstan prezidentindən Saakaşvili ilə bağlı təklif: "Elektron qolbaq taxılsın"

Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, ölkənin mühakimə olunmuş üçüncü prezidenti Mixail Saakaşviliyə səhhətinə görə elektron qolbaq taxmaqla alternativ cəza növü tətbiq oluna bilər.

Qaynarinfo bu barədə SOVA-ya istinadən xəbər verir.

"Düşünürəm ki, ona yaxşı münasibət göstərilməlidir və mən bunu yüksək səslə deyirəm: Dünyanın bir çox digər ölkələrində həbsə məhkum edilmiş prezidentlərlə necə davranılır? Bizim bildiyimiz elektron bilərziklər və Avropa İttifaqına daxil olan ölkə üçün daha uyğun olan digər formalar var”, deyə Zurabişvili Fransa mətbuatına müsahibəsində bildirib.

"Onlar (Qərb ölkələri-red.) bütün bu vəziyyətin Gürcüstanın Qərbdəki imicinə vurduğu ziyanı vurğulayırlar. Bu məni narahat edir və bu vəziyyəti yüngülləşdirmək üçün çox şey edirəm. Amma hökumətin verdiyi qərarlar ziyana səbəb olub və amnistiya əslində bu zərəri kompensasiya edəcək şey deyil”, deyə Zurabişvili əlavə edib.

Ukrayna vətəndaşı olan Saakaşvili 2021-ci il oktyabrın 1-də 8 illik fasilədən sonra vətəninə qayıdarkən saxlanılıb. O, sərhədi qanunsuz keçməkdə ittiham olunur. Gürcüstan sərhədini qanunsuz keçməyə görə 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

2023-cü il fevralın 1-də Kiyevdə Avstriya prezidenti Aleksandr van der Bellen ilə mətbuat konfransı zamanı Ukrayna prezidenti Vladimir Zelenski Saakaşvilinin fotolarını göstərib və Gürcüstan hakimiyyətinin ona açıq şəkildə işgəncə verərək, öldürdüyünə inandığını bildirib.

Saakaşvilinin səhhətində ciddi problemlər var.

Aydın