Siyasət 14:14 24.02.2023

Hədəfimiz milli maraqlarımızın tam təmin olunmasına yönəlib

(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanıb)

Hər bir cəmiyyətin formalaşması və inkişafında ictimai və dövlət maraqlarının qorunması mühüm əhəmiyyət kəsb edir. 

İctimai maraqlar hərfi mənada cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Müasir cəmiyyətimizdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir.

Cəmiyyəti təşkil edən insan, vətəndaş, fərd dövlətin və dövlət marağının mərkəzi nöqtəsindədir. Əslində dövlətlərin mövcud olma məqsədi cəmiyyətə xidmət, cəmiyyət üzvlərinə firavan həyat təmin etməkdən ibarətdir. Hər bir dövlət, onu formalaşdıran xalq üçün milli maraqların müəyyənləşdirilməsi və təmin olunması əsas vəzifələrdən biridir. 

Azərbaycanda da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritet məqsəddir. Müstəqillikdən üzü bəri ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində bir sıra işlər görülüb. Amma bununla belə, proses inkişaf etdikcə, burada da müəyyən yeniliklərə, daha çevik addımların atılmasına ehtiyac vardır. 

Qaynarinfo-ya açıqlamasında Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Şahin Rəcəb bildirir ki, Azərbaycanda ictimai və dövlət maraqları deyərkən ilk növbədə ölkəmizin möhkəmlənməsi, geopolitik durumunun güclənməsi, xalqın, dövlətin, vətəndaş cəmiyyətinin ümumi hədəfə vurması və milli maraqlarımızın müdafiəsi nəzərdə tutulur: 

"Hər bir vətəndaş üçün Azərbaycanın dövlət maraqlarını qorumaq ən ümdə vəzifə olmalıdır. Çünki dövlətimizi gücləndirməliyik ki, o dünyada daha layiqli yer tutsun. Dövlətimiz nə qədər güclü olsa, onun vətəndaş cəmiyyəti, ictimaiyyəti, vətəndaşı da güclü olacaq. Hər birimiz çalışıb dövlətin milli maraqlarını önə çəkməliyik. Hər birimiz ilk növbədə ərazi bütövlüyümüzün tam bərpası və möhkəmləndirilməsi, dövlətimizin gücləndirilməsi, bütün sahələrdə imkanların artırılması istiqamətində çalışmalıyıq. 
 


Torpaqlarımızı azad etdik. İndi bütün ərazilərimizdə dövlət strukturlarımızın idarəedilməsi prosesi davam edir. Cəmiyyət olaraq bu prosesə də töhfə verməliyik. Ekoaktivistlərin Laçın yolunda keçirdikləri aksiya ictimaiyyətin dövlətin milli maraqlarının qorunmasında necə aktiv iştirak etdiyinə əyani sübutdur. Hazırda hər bir vətəndaşımız milli maraqlarımızın keşiyində durmaq üçün Xankəndi-Laçın yolunda keçirilən aksiyaya dəstək olmaq istəyir”. 

Ekspert qeyd edir ki, vətəndaş cəmiyyəti institutları, cəmiyyətimiz dövlətin üzərinə düşən ayrı-ayrı problemlərinin həllində də aktiv iştirak edir:

"Dövlətin apardığı islahatlar siyasətinin həyata keçməsində vətəndaş cəmiyyətlərinin də rolu böyükdür. Onlar hərəsi öz sahəsində dövlətin üzərinə düşən yükün bir hissəsini öz çiyinlərinə götürərək, fəallıqları vasitəsilə töhfə verirlər”. 

Həmsöhbətimizin fikrincə, dövlət maraqlarımız qorunarsa, ictimai maraqlarımızı da gücləndirə bilərik:

"Dövlət ictimai maraqların qorunması istiqamətində öz üzərinə düşən müəyəyn öhdəlikləri həyata keçirir. Vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi üçün lazım olan qanunverici baza var. Müsabiqə və qrantlar həyata keçirilir”. 

Bununla belə, ekspert ictimai və dövlət maraqlarının qorunması istiqamətində hələ ki, çox işlər görülməli olduğunu deyir: 

"Bu istiqamətdə fəaliyyətimizi gücləndirməli, qeyri-hökumət təşkilatları və hökumət münasibətləri sahəsini daha da dərinləşdirməli, ictimai təşkilatların cəmiyyət və dövlətdə rolunun daha da artırılması istiqamətində ciddi işlər görməliyik. Ölkədə mövqeyi olan və qərarlara təsir edən ictimai təşkilatların sayı hələ ki, azdır. Bunun üçün vətəndaş cəmiyyəti institutları daha da təkmilləşməli, güclənməli, onların maddi-texniki bazaları, fəaliyyət dairələri və səsləri hər yerdə eşidilməlidir. Dövlət də qarşılıqlı olaraq ictimai təşkilatların müxtəlif dövlət siyasətinin həyata keçməsində, müxtəlif qərarların qəbulunda aktiv iştirakını təmin etməlidir. Yəni ictimai təşkilatların tam gücü ilə işləmələri üçün şərait daha da genişləndirilməli, qeydiyyat prosesi daha da asanlaşdırılmalı, bu qurumların cəmiyyətə təsirləri daha da gücləndirilməlidir. Hədəfimiz milli maraqlarımızın tam təmin olunmasına yönəlib. Düşünürəm ki, yaxın zamanlarda hədəflədiyimiz məqsədlərə çatacağıq”.

Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.