Hüseynbala Səlimov
Siyasət 09:31 07.04.2022

Hətta Avropa İttifaqı da varlılarla kasıbları birləşdirə bilmir...

Hüseynbala Səlimov

Macarıstan dünyanın siyasi və ya geosiyasi arxitekturasında elə də mühüm bir yer tutan ölkə deyil. Amma ötən həftə hamının nəzərləri bu ölkəyə yönəlmişdi. Xatırladaq ki, ötən həftə Macarıstanda növbəti parlament seçkiləri keçirilirdi və hamını bir sual düşündürürdü: görəsən, baş nazir Viktor Orban öz postunda qalacaqmı?
 
Belədə isə Macarıstan son illərdə bir neçə məqamla yadda qalıb.
 
Birincisi, bu ölkə Aİ-da və NATO-da daim Ukraynaya mane olmağa cəhd edib. Əlbəttə, demirik ki, Budapeşt Kiyevə mane olmasaydı, sonuncunu Aİ və NATO-ya vaxtından əvvəl qəbul edəcəkdilər. Yox, belə olmayacaqdı. Bu günün hadisələri göstərir ki, Qərb ölkələri hər şeyi irəlicədən hesablayıb və NATO-nun Şərqə doğru növbəti genişlənməsinin hərbi qarşıdurma ilə müşayiət olunacağını əvvəlcədən müəyyən edə bilib. Amma Almaniya və Macarıstan kimi ölkələrin opponentliyi Aİ və NATO-nun ehtiyatlığını bir az da artırır və onların Ukrayna ilə əməkdaşlığını ləngidirdi.

İkinci məqam budur ki, ən azı Orban baş nazir olandan Budapeştlə Brüssel arasında problemlər başlayıb. Baş nazir Orban Avropa İttifaqı ilə Rusiya arasında manevr etməyi, Brüsselə opponentlik etməyi ilə və "Biz Türkiyəylə əlaqələr qurmalıyıq!” kimi çağırışları ilə yadda qalıb.
 
Maraqlıdır ki, insanlar Orbana səs verirlər və bu, ötən həftənin sonunda keçirilən səsvermədə də təsdiq olundu. Amma cəmiyyət baş nazirin anti-Avropa çağırışlarını qəbul etmir, ona dəstək vermir, baxmayaraq ki, Aİ–yə qarşı opponentlik təkcə Macarıstan üçün xarakterik deyil. Bu, özünəməxsus "Şərqi Avropa sindromu”dur.
 
Məsələ bundadır ki, Aİ-yə inteqrasiya Şərqlə Qərb arasındakı sosial-iqtisadi fərqləri aradan qaldıra bilmədi. Yox, bu fərqlər hələ də qalır və hətta ən optimist Qərbi Avropa müəliflərinin fikrincə, onlar hələ uzun müddət qalacaq.
 
Təsadüfi deyil ki, Köhnə Dünyanın strateqləri "ikipilləli inteqrasiya”dan danışırlar. Amma sosial-iqtisadi polyarizasiya çox neqativ tendensiyalar da doğurur, bir növ sinfi ziddiyyətlər yaradır – "kasıblar və varlılar” kimi arzuolunmaz bölgülər və yaxud differensiallaşma üçün zəmin formalaşdırır. 

Bəli, Macarıstanda Orban yenə hakimiyyətdə qaldı. Amma onu qələbə münasibətilə çox az adam təbrik etdi. Azsaylı təbrik edənlərdən biri də Vladimir Putin idi. Bəli, o Putin ki, Ukraynanın dinc, mülki əhalisini belə qırmaqdan çəkinmir. Amma ən maraqlısı budur ki, hətta Putin və onun Rusiyası da anlayır ki, post-sovet ölkələrinin Avropaya inteqrasiyası yolunda çəpər ola bilməz, çünki özünün bu ölkələrə təklif etməyə bir şeyi yoxdur. Odur ki, Ukraynanın NATO-ya yollarını bağlamağa çalışsa da, Avropa İttifaqına yolu açıq saxlamağa çalışır. Çox təəsssüf ki, ortada bir "breksit presedenti” var və o, bir çox ölkələri, onların insanlarını çaşdırır.
 
Amma Macarıstan və ya Polşa Böyük Britaniya deyillər – bəli, nə demokratiya, nə də hərb müstəvisində. Ona görə də macarların Orbana marağı bizim üçün axıra qədər anlaşılan deyil. Fəqət siyasətdə belə də olur. Məsələn, sosioloqlar daim qeyd edir ki, hər bir fransız ürəyində sağçıdır, amma səs verməyə gələndə o, solçulara üstünlük verir. Ola bilsin, macarlar da Orbanın proteksionist və millətçi çağırışları ilə özlərini Avropanın liberal siyasətindən sığortalamağa cəhd edirlər...