Ölkə 10:59 11.09.2022

Heydər Əliyev adına Hərbi İnstitutda növbəti andiçmə mərasimi keçirildi (FOTOLAR)

Heydər Əliyev adına Hərbi İnstitutda yeni qəbul olan kursantların təntənəli andiçmə mərasim keçirilib.

Qaynarinfo xəbər verir ki, mərasimdə hərbi institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Təntənəli marşın sədaları altında Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı sıra meydanına gətirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov mərasimdə çıxış edərək əlamətdar gün münasibətilə kursantları təbrik edib, onlara hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə edib.

F.Salahov son illərdə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsindən, hərbi institutun zabit və kursantlarının Vətən müharibəsində iştirakından danışıb.

Kursantlar adından çıxış edən Raul Quliyev onlara göstərilən etimadı doğruldacaqlarına, Vətənə, dövlətə və xalqa layiqincə xidmət etmək üçün hərb elminin sirlərini dərindən öyrənəcəklərinə söz verib.

Andiçmə mərasimi şəxsi heyətin tribunanın önündən təntənəli keçidi ilə başa çatıb.