Dünya 16:08 15.02.2023

Hindistanın baş nazirini BBC ilə düşmən edən filmdə hansı gizlinlər açılır?

Hindistanın Vergilər Xidməti çərşənbə axşamı BBC-nin Dehli və Mumbaydakı ofislərində axtarışa başlayıb. Hazırda da axtarışlar davam edir. Bir ay əvvəl korporasiya hazırkı Baş nazir Narendra Modinin 20 il əvvəl müsəlman qırğınlarında rolundan bəhs edən sənədli film yayımlayıb.

Qaynarinfo xəbər verir ki, "BBC"nin axtarışla bağlı qısa bəyanatında korporasiyanın səlahiyyətlilərlə əməkdaşlıq etdiyi və vəziyyətin ən qısa zamanda həll olunacağına ümid bəslənildiyi deyilir.

Yanvar ayında Britaniyada BBC platformalarında "Hindistan: Modi məsələsi" sənədli filmi nümayiş etdirildi, hakimiyyət bu filmi "müstəmləkəçilik ruhunda aparılan düşmən təbliğatı" adlandıraraq bloklanmasını tələb etdi, lakin Hindistanda pirat nüsxələr yayıldı.

Yanvarda polis Dehlidəki iki universitetdə filmin nümayişini dayandırıb.

Film 2002-ci ildə Qucarat ştatında müsəlmanlara qarşı törədilən qırğınlarda Narendra Modinin rolundan bəhs edir. Modi o zaman əyalət hökumətinin başçısı olub. 
Müxalifətçi Hindistan Milli Konqresi partiyasının baş katibi Key-Si Venuqopal BBC ofislərində keçirilən axtarışlar barədə deyib ki, hakimiyyətin hərəkətləri "çarəsizlik əlamətidir” və Modinin tənqiddən qorxduğunu göstərir.

"Biz bu hədə-qorxu taktikasını ən sərt şəkildə qınayırıq. Bu cür qeyri-demokratik və diktator davranışa son qoyulmalıdır", - Venuqopal tvitter hesabında yazıb.
Narendra Modinin rəhbərlik etdiyi hakim Bharatiya Janata partiyasının (Hindistan Xalq Partiyası) sözçüsü BBC-ni "dünyanın ən çürük təşkilatı” adlandırıb. "Hindistan zəhər saçmadığı müddətcə istənilən təşkilata imkanlar verən bir ölkədir", - Qaurav Bhatia bildirib.

Modinin partiyasının sözçüsü əlavə edib ki, axtarışlar qanuni olub və onların həyata keçirilməsi ilə bağlı qərar hökumətin iştirakı olmadan verilib.

Mətbuat azadlığını müdafiə edən qeyri-kommersiya təşkilatı olan Hindistanın Redaktorlar Gildiyası axtarışlardan dərin narahatlığını bildirib və bunları "hökumətin və ya hakim strukturun siyasətini tənqid edən mətbuatı qorxutmaq və təqib etmək üçün dövlət qurumlarından istifadə tendensiyası" adlandırıb.

Amnesty İnternational-ın Hindistan bölməsi də Hindistan hakimiyyətini hakim Bharatiya Janata partiyasını tənqid etdiyinə görə BBC-ni qorxutmağa çalışmaqda ittiham edib və həmçinin bildirib ki, Gəlir Vergisi Departamentinin "çox geniş səlahiyyətləri” tənqidçiləri susdurmaq üçün ilk dəfə istifadə olunmur. 

Hindistan hökumətini qəzəbləndirən sənədli filmdə onun müəllifləri onların əlinə keçən Britaniya Xarici İşlər Nazirliyinin 2002-ci ildə Qucaratda törədilən qırğınlar haqqında hesabatından danışıblar.

2002-ci ilin fevralında toqquşmalar hindu zəvvarlarının olduğu qatarın yandırılmasından və onlardan 58-nin ölməsindən sonra başlayıb. Nəticədə rəsmi məlumatlara görə, 1044 nəfər ölüb ki, onlardan 790-ı müsəlmandır. Qeyri-rəsmi hesablamalara görə, iki minə qədər insan həlak olub.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin hesabatında deyilirdi ki, o zaman əyalət hökumətinin başçısı olan Narendra Modi kütləvi qırğınlara səbəb olan cəzasızlıq mühitinin yaradılmasına birbaşa cavabdehdir.

2005-ci ildə ABŞ dini etiqad azadlığının ciddi şəkildə pozulmasında iştirak edən məmurların Birləşmiş Ştatlara girişini qadağan edən qanuna istinad edərək Narendra Modiyə viza verməkdən imtina etmişdi.

Modinin özü daima bu ittihamları rədd edib və 2013-cü ildə Hindistanın Ali Məhkəməsi bu məsələyə baxıb və Modiyə qarşı cinayət təqibi üçün kifayət qədər dəlil olmadığı qənaətinə gəlib.

BBC yanvar ayında bildirib ki, hökumətdən filmdə Modiyə qarşı irəli sürülən ittihamlara açıq şəkildə cavab verməsini xahiş edib, lakin onlar bundan imtina ediblər.
BBC əmin edir ki, filmdə təqdim olunan faktlar və ifadələr diqqətlə yoxlanılıb və filmin müəllifləri sözü Bharatiya Janata partiyasından olanlar da daxil olmaqla geniş spektrli şahid və ekspertlərə veriblər.

Bu, Hindistan hakimiyyətinin onları tənqid edən təşkilatların ofislərinə basqın etdiyi ilk hadisə deyil. Keçən il Oxfam xeyriyyə təşkilatında və bir sıra digər yerli xeyriyyə təşkilatlarında axtarışlar aparılıb.

Hindistanın Redaktorlar Gildiyası 2021-ci ildə vergi müfəttişlərinin hökuməti tənqid edən dörd nəşrə gəldiyini xatırladır.

Sərhədsiz Reportyorlar təşkilatı hesab edir ki, Narendra Modinin dövründə Hindistanda mətbuat azadlığı kəskin şəkildə aşağı düşüb: onlar son Dünya Mətbuat Azadlığı İndeksində Hindistanı 180 ölkə arasında 150-ci yerdə tutublar. 2014-cü ildə Modi Baş nazir vəzifəsinə gələrkən ölkə on pillə yuxarı olub. 

Nizami Bağırov