Ölkə 10:18 23.06.2022

Hun qəbiristanlığı, boz oğuzlar, qum hamamları - Buzovnadan reportaj

"Bakı kəndində bir gün” layihəsi

Bakıdakı yol-nəqliyyat infrastrukturunu bircə cümlə ilə təsvir etməyimi istəsəydilər, yəqin ki, cavabım belə olardı: Buzovnaya getməli idim: evin yanından, Neapol dairəsinin yaxınlığından - Telnov 5-dən "Koroğlu”ya birbaşa avtobus yoxdur, ona görə "Xaqlar”da düşdüm, "Koroğlu”ya çatdım, ordan bir manatlıq mikro-avtobusla Buzovnaya getdim, xəstəxanın yanında düşdüm, amma bu da son deyildi, kəndin əsas hissəsinə getmək üçün yenə marşruta minməli idim, mindim və nəhayət ki çatdım. Cümləni oxuyanda nəfəsiniz kəsildi, eləmi? İndi gör mən nə çəkmişəm də.

Xəstəxanın yanında düşəndə bir nəfərdən Buzovna kəndinə getmək üçün məsləhət istədim, doğrusu, kəndin bu hissəsinə ilk dəfə gedəcəkdim. O da dedi, budu e, avtobus min, get, şoferə deyərsən, səni Naxır bulağının yanında düşürər. Hava isti idi, bulaq sözünü eşidəndə yaman sevindim, öz-özümə söyləndim ki, nə yaxşı, suyundan içib, əl-üzümə vurub sərinlənərəm. Gələm, görəm, bulaq nə gəzir? Kiçik marketlərdən birinin başına "Naxır bulağı” lövhəsi vurulub, amma heç krant da yoxdur. Elə bu dəm gözüm üzbəüzdəki böyük tut ağacına sataşdı, azca o tərəfdə kiçik çayxana vardı. Həm dincimi almaq, həm susuzluğumu yatırmaq, həm də kənd camaatı ilə ünsiyyət qurmaq üçün yaxşı imkan idi, dəyərləndirdim. 

Çayı türklərdəki kimi stəkanla verdilər. Mən isə dərhal məni maraqlandıran suala keçdim: indi ki burda heç bir bulaq-filan yoxdur, niyə yerin adı Naxır bulağıdır? 
Bura Buzovnanın qədim məhəllələrindən biri imiş. Kənd ağsaqqalları danışarmış ki, qədimlərdən ta 20-ci əsrin otuzuncu illərinədək örüşdən gətirilən mal-qara bura sürülər, hər kəs heyvanını ayırıb apararmış. Burda heyvanları da sulayırmışlar. Ona görə də, camaat bura Naxır bulağı deyirmiş. Əslində isə burda bulaq olmayıb. Hər halda "Buzovna ensklopediyası”nda belə yazılıb, mən də müəllifin "yalançısıyam”.  Bu məhəllədə köhnə məscid də yerləşir. "Naxır bulağı”ndan azca o yana, yolun solunda. 

Çayxanadakı sənətkarlar jurnalist olduğumu biləndən sonra təklif etdilər ki, Buzovnadakı qədim abidələrin, xüsusilə də hamamların məhv olmağından yazım. Hamamlardan birinin yerini də göstərdilər, burdan yüz metr qabağa gedirsən, aptekin yanından sola dönürsən, ordan sonra bir yüz metr gedirsən, görəcəksən. Hamamın üzərinə löhvə vurulub: "Yerli əhəmiyyətli memarlıq abidəsi, Hamam, XIX əsr: Abidə dövlət tərəfindən qorunur”. 
 


Vallah, "qorunur” kəlməsi çox təntənəli oldu, çünki hamam tamamilə dağılmaq üzrədir, həyəti isə ot-alaq basıb, şəkillərdə də görəcəksiniz. Ümumiyyətlə, bu kənddə məşhur hamamlar çox olub, ancaq təəssüf ki, onlardan cəmi üç-dördü yarımcan vəziyyətdə bu günə qədər gəlib çıxa bilib.

Buzovnanın köhnə tarixi-memarlıq abidələrindən biri Təhməz bəy hamamıdır. Hamam 19-cu əsrin əvvələrində buzovnalı sahibkar Məşədi Təhməzin oğlu Məmmədrzanın təşəbbüsü və maddi vəsaiti hesabına tikilib. Məmmədrza bəyin ailəsi Bakının mərkəzində yaşayırmış, yay fəslində bağa köçərmişlər. 1891-ci ildə, isti yay günlərinin birində onun xanımı və qızı hamama getmək istəyir. Ancaq kəndin hamamçısı onları içəri buraxmır, deyir ki, bu gün hamam yiyəsinin öz ailəsinin hamam günüdür. Xanım kor-peşman evə qayıdır və əhvalatı danışır. Məmmədrza məhz bundan sonra hamam tikdirmək qərarına gəlir. 

Ən tanınmış hamamlardan biri "Qum hamamı” olub. Hamamı sahibkar, tacir Hacı Zülfüqar Hacı Muradəli oğlu tikdirib. Xeyriyyəçi Hacı Səmədin də (Ziyad Səmədzadənin ulu babası. - red.) həm hamamın tikilməsində, həm də tikinti üçün dövlətdən icazə alınmasında böyük xidmətləri olub. Hamamın tikintisinə görə, onlara bəy titulu verib. El hamamı deyirmişlər bura. O dövrdə İranda yolxucu xəstəliklər geniş yayılıbmış. Bu baxımdan el hamamın tikilməsi xüsusi əhəmiyyətli addım kimi qiymətləndirilmişdi, bəy titulunun verilməsinin əsas səbəbi də bu idi. 1936-ci ilə qədər istifadə edilən hamam kolxozun istifadəsinə verilir, təmir emalatxanasına çevrilir. 1970-ci ildə isə tamamilə sökülərək, İkinci Dünya Müharibəsində həlak olmuş buzovnalıların xatirəsini əbədiləşdirmək məqsədilə yerində əsgər abidəsi ucaldılır. 

19-cu əsrin sonlarında tikilən daha bir hamam isə Məşədi Qərib hamamı olub. Hamamı sahibkar və xeyriyyəçi Qərib Heybət oğlu tikdiribmiş. Buzovnalıların istifadəsi üçün tikdirilmiş ev hamamı imiş. 

Cabay hamamı da təxminən bu vaxtlarda tikilib. Sahibkar Cabay kişinin şəxsi vəsaiti hesabına, Püstə ağacı məhəlləsində. Cənubi Azərbaycandan gələn Kərbəlayi Ələkbəri hamamçı təyin etdiyinə görə, bura bəzən də Kəblə Ələkbər hamamı deyirmişlər. Cabay hamamı vaxtilə, ümumiyyətlə, ən yaxşı hamamlardan biri sayılıb. Hazırda istifadəsizdir. 

Kənddə "Capayev”, "Hacı Nurəli” və "Məşədi Veysəl” adlı hamamlar da var. İnşallah, hamamların bərpası, tarixi abidələrin qorunması istiqamətində hökumətimiz lazım olan ciddi addımlar atar. 
 


Baş çəkdiyimiz hamamdan bir az o tərəfdə, sağ tərəfdə Buzovnanın ən böyük məbədgahı, tarixi memarlıq abidəsi, dövlətin mühafizə etdiyi tikililərdən biri - Cümə məscidi yerləşir. Məscid 1896-cı ildə inşa olunsa da, tikintini başa çatdırmaq mümkün olmayıb. Günbəz, minarə, ayrı-ayrı hücrələr hazır deyilmiş. 1918-ci ildə işlərin başa çatıdırlması üçün pul yığılır. Hacı Zeynalabdin Tağıyev də işlərin başa çatması üçün 30 min pul verir. Yenə müəyyən işlər görülür, amma məscidin bəxti açılmır. Bakını işğal edən bolşeviklər məscidin fəaliyyətini qadağan edirlər. İkinci Dünya Müharibəsindən sonra isə bura mağazaya çevrilir. 1987-ci ildə Hacı Əmrulla Məşədi Balahüseyn oğlu Şeyxülislam Hacı Allahşükür Paşazadənin vasitəsilə binanı hökumətdən alır, məscidin təmirinə başlayır. Amma bu dəfə də təmir yarımçıq qalır. 2007-ci ildə Buzovna sakinləri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məsciddə təmir işlərinin başa çatdırılması ilə bağlı müraciət edirlər. Bundan sonra məscid yüksək səviyyədə təmir edilir, ibadətgah kimi camaatın ixtiyarına verilir. Buzovnada məscidlər çoxdur, hamısı haqqında yazmaq imkanı isə yoxdur.  

Cümə ibadətgahından bir az yuxarıda "Əli ayağı” ziyarətgahı yerləşir. Bura ümumiyyətlə Azərbaycanda ən çox ziyarət edilən məkanlardan biridir. Buzovna camaatı deyir ki, ərəb mənbələrində hicri təqvimi ilə 13-cü əsrdə Həzrəti Əlinin Abşeronda-Buzovnada, dəniz kənarında olduğuna dair qeydlər var. Deyilənə görə, o zamanlarda bu torpaqlara bir dəstə süvari gəlibmiş, onlar hər yeri gəzib-dolaşır, amma heç kimlə danışmırmışlar. Onlardan kim olduqlarını soruşduqda "başçı” cavabını verirmişlər. Həmin illərdə Badi-Kubədən iki qardaş Məkkə və Mədinə şəhərlərində ticarətlə məşğul imişlər. Qardaşlardan biri - Yassal Niyyal Məkkə və Mədinədə qalır, kiçik qardaş isə Badi-Kubəyə mal aparıb-gətirirmiş. Və görkəmli adamların, demək olar ki, hamısını tanıyırmış. Bir gün həmin süvarı dəstəsi Buzovnada qayaların üstünə çıxanda dəniz kənarında balıqçılarla alver edən kiçik qardaş onları görür və qəfildən qaçıb atlılardan birinin ayağına düşür və deyir: "Ya Həzrəti Əli, siz burda neynirsiniz?” Atlı soruşur ki, məni hardan tanıdın? Kiçik qardaş da Məkkədə, Mədinədə alver etdiyini, onu orda görüb, tanıdığını deyir. Həmin adam atına minib, dəstəsi ilə oradan uzaqlaşır. O, getdikdən sonra qayanın üzərində ayaq ləpiri, at dırnaqlarının yeri qalır. Sonradan bura ziyarətgaha çevrilir. 

Başqa bir əhvalat da var. Deyilənə görə, Şeyx Əliyar evlənəndən bir sonra qəribə bir yuxu görür. Yuxuda at üstündəki nurani bir qoca onu dəniz qırağına dəvət edir, onlar dəniz qırağında başqa yerdən gəlmiş bir adam görürlər. Nurani qoca Həzrəti Əlinin ləpirini, atının ayaq izlərini Şeyx Əliyara göstərir, qədəmgaha sahib olmağı və müqəddəsliyi qorumağı tapşırır. Şeyx Əliyar isə yuxu görəndən sonra hər gün qayalara çıxar azan verər, namaz qılarmış. Şeyx Əliyar rəhmətə getdikdən sonra onun oğlu qədəmgah içəridə qalmaqla burda məscid və karvansaray tikdirir.

Ziyarətgahdan azca yuxarı çıxıb, sonra beş-on addım aşağı düşür və Buzovnanın ən qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyən Hun qəbiristanlığı ilə qarşılaşırıq. Bura da tamamilə baxımsız vəziyyətdədir. 
 


Deyilənə görə, burada eradan əvvəl 3-cü əsrə aid qəbirlər varmış vaxtilə. Təəssüf ki, bu qəbirlər sovet vaxtı dağıdılıb. Ancaq qədim qəbirlərin bəziləri indi də qalmaqdadır.  Qəbiristanlıqda türbə də var. İçərisində 4 qəbir olan bu türbə Məhəmməd Əli türbəsi adlanır. Türbənin tarixi qəbiristanlığın tarixi qədər qədim deyil. İslam dininin yayıldığı dövrdən sonraya aiddir. Bu türbənin adı vaxtilə sultanların birinin təyin etdiyi xəlifənin adı ilə bağlıdır. Hun qəbiristanlığındakı qəbirlərin üzərində müxtəlif yazılar -mərhumların şərəfinə yazılmış şeirlərdən beytlər, naxışlar-svastika, günəş və yaxud əbədiyyət simvolu, Süleyman peyğəmbərin altıbucaqlı möhürü olan ulduz, səkkizbucaqlı ulduz və digər simvollar, təsvirlər əks olunub. 

Buzovnada vaxtilə Alban kilsəsi də olub. Amma indi bu kilsədən heç bir iz yoxdur. 

Hə, Buzovnanı sadəcə bir neçə dəqiqə gəzmək kifayətdir ki, buranın necə qədim yurd olduğunu görəsən. Bütün tarixi abidələrdən, ziyarətgahlardan, məscidlərdən, türbələrdən, hamamlardan, tarixi şəxsiyyətlərdən yazsaq, gərək qalın bir kitab ərsəyə gələ. Bu qədər zəngin yerdir Buzovna. 

Hə, Buzovna... Başımız qarışdı gəzməyə, adın etimologiyası yaddan çıxdı. 
 
"Buzovna ensklopediyası”ında qeyd edilir ki, buranın yerli əhalisi türk tayfaları olub. Bu ərazilərdə əhalinin məskunlaşması eradan əvvəl 3-cü əsrə təsadüf edir. Şərqşünas alim Mirzə Kazım bəyin tələbəsi İlya Nikolayeviç Berezin "Abşeron yarımadasına səhayət” (1845) əsərində yazır ki, Buzovna adının mənası boz oğuzlarla əlaqəlidir. 

Şair Arif Buzovnalı öz yazılarında vurğulayır ki, boz türk dilində rəng ifadə etməklə yanaşı, səhra və çöllər üçün də işlədilən ifadədir. Bozkır dedikdə, qədim və müasir türk xaqları səhra, yarımsəhra və və çöl landşaftını nəzərdə tutublar. Çuxurluqda yerləşən ərazilər isə ova adlanıb. Buzovnanın qumluq və çöllük ərazi olduğunu nəzərə alsaq, "Buzovna” toponiminin "Boz ova” ifadəsinin təhrif olunmuş forması olduğunu anlamaq mümkündür. 

Buzovnalılar vaxtilə daha çox əkinçilik, balıqçılıq, heyvandarlıqla məşğul olublar. Sovetin son illərində burdada da gülçülük öz parlaq dövrünü yaşayıb. İndi isə daha çox Buzovnada yerləşən iri müəssisələrdə çalışırlar. 

Buzovna Azərbaycanda islam dini və şiəliyin ən geniş yayıldığı məkanlardan biridir. 

Yəqin ki, qədim yurd olmağının nəticəsidir ki, bir sıra filmlərin - "Uzaq sahillərdə”, "Koroğlu”, "Torpaq, dəniz, səma”, "Yeddi oğul istərəm”, "Var olun, qızlar”,  "Yuxu”, "Ölüm növbəsi” və s. filmlərin müxtəlif kadrları bu torpaqlarda çəkilib. 
 


Buzovnaya yazıçı dostumuz Kənan Hacı ilə getməli idik. Səhhəti kəndə bir yerdə getməyimizə imkan vermədi, yol yoldaşı ola bilmədik. Ancaq sağ olsun, qiyabi bələdçilik etdi, maraqlı məlumatlar verdi, "Buzovna ensklopediyası” adlı maraqlı və dəyərli kitabla məni tanış etdi. Yeri gəlmişkən, Kənanın dediyi bir maraqlı məlumatı sizinlə bölüşüm: deməli, indi Mədəniyyət Evi kimi fəaliyyət göstərən bina 1895-ci ildə inşa edilib. Bura el arasında xalq qəhrəmanı kimi anılan Hacı İsgəndərin evi imiş. Hacı İsgəndər ehtiyacı olanlara əl tutan, ermənilərin törətdikləri vəhşiliklərin qarşısını alan, Nuru Paşaya Azərbaycanda ordu toplamağa kömək edən, silahsız müsəlmanları silahlarla təmin edən, döyüşçülər üçün 800 nəfərlik sığınacaq tikdirən və digər xeyirxah işlər görmüş, sovetlərə nifrət edən insandır. Taleyin işinə bax ki, indinin özündə də Hacı İsgəndərin evi sovet dövlət və partiya xadimi Ruhulla Axundovun adını daşıyan mədəniyyət evidir. 

Buzovnadan qayıdanda dörd yox, üç marşrut dəyişmək ümidilə birbaşa "Koroğlu”ya gedən avtobusa mindim. Minməz olaydım. Avtobus bütün kənd və qəsəbələri dolaşdı -Maştağa, Ramana, Balaxanı, Binə, Pirşağı, axırda getdi Əli-Bayramlıya çıxdı. Elə "nervilənmək” istəyirdim ki, sürücü dedi, darıxma, çatırıq. Düşəndə, çatmağın eşqinə nəzir verdim. Bir manat da belə getdi... 

Ağa Cəfərli