Sənət 10:27 26.01.2023

"İbrahimbəyov Bakıdan gedən kimi ittifaq yaradıb, Şəfiqə Məmmədovanı da sədr qoydular"

"Mən heç Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi ittifaqdan çıxmamışdım".

Bunu Qaynarinfo-ya Xalq artisti Ənvər Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzlüyündən istefa verməsinə aydınlıq gətirərkən deyib. Ənvər Həsənov Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ittifaqı fəaliyyətsiz hesab edir:

"Mən ora getmirəm. İş də yoxdur. Elə İttifaqın olmasındansa, olmaması yaxşıdır. İttifaq bir dənə olar. Rüstəm İbrahimbəyov Bakıdan gedən kimi bunlar ittifaq yaradıb, Şəfiqə Məmmədovanı da ora sədr qoyublar. Həmin vaxt məndən əl çəkmədilər, dedilər gəl bura, sən də bizə dəstək ol. Rasim Balayev İttifaqa sədr seçiləndə dedi ki, Ənvər sən də ərizə yaz, bizim ittifaqa üzv ol. Dedim ki, axı mən ordan heç çıxmamışam. Kinonun bir ittifaqı olar".

Qeyd edək ki, bir qrup kino xadimi Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzlüyündən istefa verib. İstefa verənlərin arasında Xalq artistləri Əbdül Mahmudov, Ramiz Məlikov, Tariyel Qasımov, Əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi Yavər Rzayev, həmçinin Yusif Quliyeva, Reyhan İsayeva, Yalçın Verdiyev və başqalarının adı var.

Bahar Rüstəmli