Ölkə 16:01 16.02.2023

İcra başçısı zəlzələyə görə Axısqa türklərinə başsağlığı verdi, tənqid olundu, xəbəri sildi

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul işçiləri ilə birgə rayonunun Orta Salahlı kəndində yaşayan Axısqa türkləri ilə görüşünə dair məqalə saytdan çıxarılıb. 

Qaynarinfo-nun məlumatına görə, məqalədə qeyd olunub ki, icra başçısı Rəcəb Babaşov Orta Salahlı kəndində yaşayan Axısqa türkləri ilə görüş keçirib və Türkiyədə baş vermiş faciə ilə bağlı başsağlığı verib.




İcra başçısının Türkiyədə baş vermiş faciə ilə bağlı Axısqa türklərinə başsağlığı verməsi sosial şəbəkələrdə ciddi tənqidə səbəb olub. Nəticədə Rəcəb Babaşov görüşlə bağlı məqaləni İcra Hakimiyyətinin saytından silmək məcuriyyətində qalıb.



Tənqidlərdə qeyd edilir ki, Axısqa türklərinə başsağlığı verməsi Rəcəb Babaşovun tarixdən xəbərinin olmamasından irəli gəlir. 

Xatıradaq ki, Axıcqa türkləri Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya və Türkiyədə bəzən kompakt halda, digər yerlərdə dağınıq şəkildə yaşayan türk xalqlarından biridir. Çox zaman onları Məshəti türkləri də adlandırırlar. Dilləri Azərbaycan dilinə türk dilindən (Türkiyə türkcəsindən) daha yaxındır.

Ən qədim dövrlərdən Kiçik Qafqaz sıra dağlarının başlanğıcında yaşayan bu Axısqa türklərinin danışdığı şivə, adət və ənənələri, folkloru, mədəniyyəti qədim Borçalı mahalındakı Azərbaycan türkləri və Ərzurum-Qars ərazilərindəki türklərlə çox yaxındır.

Tarix boyu etnik yaşayış yerləri Gürcüstanın Məhsəti bölgəsi olub. 1944-ci ildə Axısqa türkləri Stalin repressiyasının qurbanı olub, kütləvi şəkildə öz doğma yerlərindən deportasiya ediliblər. 31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə (14 noyabr 1944-cü ildə icra edilib) 90 538 Axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstanın (20 min nəfərdən çox) çöllərinə köçürülüb.

1999-cu idə aparılmış siyahıya almaya əsasən Azərbaycanda 43.454 nəfər, eyni ildə aparılmış siyahıya almaya əsasən isə Qırğızıstanda 33.327 nəfər, Qazaxıstanda 2.761 nəfər Axısqa türkü yaşayır.

2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiyada 3.257 nəfər, 2001-ci ildə aparılmış siyahıya almaya əsasən isə Ukraynada 336 nəfər Axısqa türkü məskunlaşıb.

Əhməd