Ölkə 17:32 16.08.2022

III ixtisas qrupunda plan yerlərinin sayı artırılıb

III qrupda plan yerlərinin sayı təxminən 800 artırılıb və yeni ixtisaslar da mövcuddur.

Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib.

O bildirib ki, III qrupda DT altqrupunda plan yerlərinin sayı 13 512, müsabiqəyə buraxanların sayı isə 13 796 nəfərdir:

"Bu, o deməkdir ki, təxminən 200 nəfər ali məktəbə qəbul ola bilməyəcək. Müsabiqəyə buraxılanlar 200 baldan yuxarı nəticə göstərənlərdir. 150-200 bal toplayanlar isə 16 572 nəfərdir. Plan yerinə 150 ballıq ixtisaslar da daxil olduğundan, bu, o deməkdir ki, sözügedən altqrupda 3000 nəfər ali məktəbə qəbul ola bilməyəcək. Bu alt qrupda heç vaxt subbakalavrlar üçün yer olmur və bu il də olmayacağını düşünürük. Lakin keçən il 50 nəfər qəbul olmuşdu, bu il bir o qədər subbakalavr qəbul ola bilər".

Məleykə Abbaszadə qeyd edib ki, 440 baldan yuxarı nəticə göstərən hər bir şəxsin dövlər sifarişli yerlərdə oxumaq şansı var:

"Lakin burada yüksək keçid balı olan ixtisaslar var. III qrupda 600 baldan yuxarı nəticə göstərənlərin sayı keçən illə müqayisədə aşağı düşüb. Belə ki, bu il onların sayı 342 nəfərdir. Keçən il bu rəqəm 617 idi. Keçən il hansısa ixtisasda keçid balı 500 baldan yuxarı idisə, bu il həmin ixtisasda 480-490 bal ətrafında ola bilər".