İdman 11:40 30.01.2023

İki il cəza alan Hüseynovu futboldan niyə uzaqlaşdırıblar? - "Səbəb TV-də dediyim sözlərdir"

Sabiq futbolçu Ramal Hüseynov ötən ilin mart ayında yol verdiyi hərəkətlərə görə ciddi şəkildə cəzalandırıldı. Həmin vaxt "Səbail”də seleksiyaçı-məşqçi kimi çalışan Hüseynov stadiona giriş qadağasına baxmayaraq, Gənclər Liqasında baş tutan "Qarabağ”la oyunda hakimləri təhqir etdiyinə və meydana girdiyinə görə 2 il müddətinə futbolla əlaqədar istənilən fəalliyyətlə məşğul olmaq hüququndan məhrum edildi. Sonradan onun cəzasının azaldılması ilə bağlı "Səbail” apellyasiya şikayəti versə də, təmin olunmadı və 2 illik cəza qərarı qüvvədə qaldı.

Maraqlıdır bəs hazırda Ramal hardadır, futbolsuz qaldığı günləri necə keçirir? O, Qaynarinfo-ya açıqlamasında sualı belə cavablandırıb:

"Hazırda Bakıdan kənardayam. Cəza ilə bağlı apellyasiya şikayəti vermişdim. Ancaq cəzanı olduğu kimi saxladılar. Bunlara düz adam lazım deyil. Hakimi vurana o qədər cəza verərlər. Ancaq mən adi bir sözə görə 2 illik cəzalandırıldım. Bu düzgün deyil”.

Hüseynov cəzanın əslində ona televeziyada çıxışı zamanı dediyi sözlərə görə verildiyini düşünür: 

"Televiziyada məndən soruşmuşdular ki, niyə futbolumuzda inkişaf yoxdur? Cavab vermişdim ki, nə vaxt rüşvət, komandaya tapşırıqla adam götürmək söhbəti yığışdırılacaq, o zaman inkişaf olacaq. Yəqin ki, o şəkildə cəzalandırılmağıma səbəb elə dediyim bu sözlərdir. Düşünürəm ki, məni bilərəkdən belə cəzalandırdılar. Bəhanə axtarırdılar”.

O, AFFA-ya yenidən müraciət etmək fikrində olmadığını bildirib və bəzi köhnə məşqçilərdən də gileylənib:

"AFFA-nın sabiq baş katibi Elxan Məmmədova demişdim. Amma... Qısası söylədi ki, onluq deyil. İndiki baş katib Sərxan Hacıyevlə danışmaq fikrim yoxdur. Özləri maraqlı olmalıdırlar. AFFA-da lazımi adamlara sözümü demişəm. Bəzilərinə dedim ki, vaxt gələcək sən də kreslonu tərk edəcəksən. Ancaq üz-üzə gələndə utandığından mənə baxa bilməyəcəksən. Belə də oldu. Bilirsiniz, köhnə məşqçilər - Ağasəlim Mircavadov, Şahin Diniyev, Vaqif Sadıqov və s. kimi insanlardır. İşləri olmayanda "Neftçi”nin bazasında otururlar. Adamı görəndə yaxınlaşıb salam verirlər. Amma işləri olanda qaçıb gizlənirlər. Sanki bunlardan nəsə istəyəcəyəm. 
"Səbail”də məni işə götürmürdülər. Sağ olsun Mirbağır İsayevin xahişindən sonra işə dəvət etdilər. Mirbağır da mənim kimi adamdır. Düzgündür, olanı deyir. Başını salıb aşağı işini görür. Nə isə… Məni cəzalandıranlar kimdir ki? Əsas odur Allah cəzalandırmasın. Qalanı boş şeydir”.

Keçmiş yarımmüdafiəçi hazırda heç bir iş görmədiyini, futboldan başqa heç nə bacarmadığını deyib:

"Hazırda heç bir yerdə, başqa sahədə də çalışmıram, işsizəm. Başqa heç bir biznesim, obyektim də yoxdur. Çünki ömrümü futbola həsr etmişəm. Futboldan başqa heç nə bacarmıram”.

Səbuhi Həsənov