Siyasət 15:46 23.06.2022

İlham Əliyev Gürcüstan və Qırğız Respublikası ilə bir neçə vacib sənədi təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb. 

Qeyd edilib ki, sənəd 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanıb.

Bununla yanaşı, dövlət başçısı  2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum”un təsdiq edilməsi haqqında fərman da imzalayıb. 

Eyni zamanda, İlham Əliyev "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Bu sənəd 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanıb. 

Bundan başqa, Azərbaycan Prezidenti 2022-ci il fevralın 21-də Tbilisi şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərmanı da imzalayıb.