Siyasət 12:41 23.05.2022

İlham Əliyev və Nikol Paşinyanın görüşü: hansı nəticələr əldə edildi? - Ekspert

Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nokol Paşinyan arasında növbəti görüş baş tutdu. Qeyd edək ki, bu tərəflər arasında Brüsseldə reallaşan üçüncü görüş idi. İlk görüş keçən ilin  dekabrında, ikincisi isə bu ilin aprelində olub.

Sonuncu görüş barədə düşüncələrini Qaynarinfo-ya bölüşən siyasi icmalçı Fərhad Məmmədovun fikrincə, müzakirələr barədə nikbin danışmaq hələlik mümkün deyil:
 
"Bu son görüş göstərdi ki, bəzi prinsipial məsələlərdə ziddiyyələr mövcuddur. Şarl Mişelin bəyanatının böyük hissəsi də hər üç liderin razılaşdırdığı məqamlardan ibarətdir. Qarabağın erməni əhalisinin hüquqları  və təhlükəsizliyi məsələsinin isə ancaq Şarl Mişelin adından liderlərə çatdırıldığı qeyd edilir. Yəni bu razılaşdırılmış məqam deyildi. Ancaq Mişelə aid fikir idi. Linqvistik məsələlər, Dağlıq Qarabağ yox, Qarabağ, xalq yox, əhali, xüsusi olaraq qeyd edildi. Çünki əhaliyə xalqların özünümüqaddəratı prinsipi şamil edilmir. Gündəliyin 3 mövzusu, sərhəd məsələsi, nəqliyyat-kommunikasiyaların açılması və sülh sazişinin hazırlanması ilə bağlı yeni tarixlər göstərildi. İşə başlamaqla bağlı öhdəliklər səsləndi. Kommunikasiyaların açılması daha detallı şəkildə göstərildi. Ekspertlər, hökumətlərarası kommisiya səviyyəsində olan məsələlər liderlər səviyyəsində müzakirə olundu”.

Həmsöhbətimiz qeyd edir ki, prinsipial məsələlərə hələlik aydınlıq gətirilməyib:

"Zəngəzur dəhlizinin maneəsiz olacağı, yoxsa, dövlətlərin ərazilərindən keçən kommunikasiyalar üzərində suverenliyi prinsipinin hökm sürəcəyi bəlli deyil. Şarl Mişelin dekabr bəyanatında bu ikinci məsələ xüsusi olaraq qeyd olunub. Bu dəfə isə həmin məsələ prinsip olaraq qeyd edilmir. Çünki, Zəngəzur dəhlizində suverenlik prinsipi əsas götürüləcəksə, həmin məqam Laçın dəhlizinə də şamil edilməlidir. Mişelin keçən bəyanatında müəyyən konkretlik olsa da, onlar da yerinə yetirilməyib. Ona görə də son görüş barədə hələlik nikbinlik istiqamətində nəsə söyləmək mümkün deyil. Brüssel görüşü göstərir ki, Avropa Birliyi mövcud dinamikanı qoruyub saxlamaqda maraqlıdır. Rusiyadan fərqli olaraq AB yeni təşəbbüslərlə çıxış edir. AB-də də artıq görürlər ki, danışqları pozan İrəvandır. Məhz onun qeyri-müəyyən yanaşması səbəbindən qəbul olunmuş tarixlərdə razılaşdırılmış görüşlər, iclaslar keçirilmir”. 

Rüfət Sultan