Siyasət 13:37 14.03.2023

İlham Əliyevin Berlin səfəri: “Almaniya çalışır ki...” (ŞƏRH)

"Rəsmi Berlin Azərbaycanla enerji sahəsində ikitərəfli münasibətləri tənzimləməyə çalışır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin martın 13-də Almaniyaya baş tutan işgüzar səfərini şərh edərkən deyib:
 
"Bu işgüzar səfərdir. Almaniya ənənəvi tərəfdaşlarımızdandır. Digər  tərəfdən, Berlinin də Cənubi Qafqaza marağı getdikcə artır. İndiki prezident Ştaynmayer xarici işlər naziri olarkən bölgəmizlə bağlı fəal xətt yürüdürdü. O da Bakı ilə İrəvan arasında münasibətlərin bərpasına çalışırdı. Sonradan prosesdə Ermənistanın dağıdıcı mövqeyini gördükdə Berlin bir qədər geri çəkildi.
 
Almaniya nümayəndələri Ermənistan sərhədində mülki müşahidəçi missiyasında təmsil olunub. Ancaq burada da onlar bir o qədər də fəal mövqe sərgiləmirlər. Berlinlə Bakı arasında elə bir anlaşılmaz məsələ də yoxdur.
 
Almaniya Merkel dövründən Cənubi Qafqazda Azərbaycana vacib tərəfdaş kimi baxır. Onlar anlayır ki, Azərbaycan regionun lider və açar ölkəsidir. Berlin Mərkəzi Asiyada daha geniş təmsil olunmağa çalışır. Bu baxımdan, Azərbaycan onlar üçün imkanların yaradılması baxımından mühüm regiondur. Odur ki, nəqliyyat kommunikasiya və enerji layihələrində iki ölkə arasında əməkdaşlıq mümkündür.
 
Hazırda Almaniya ABŞ-dan baha qiymətə sıxılmış qaz alır. Ona görə də rəsmi Berlin Azərbaycanla enerji sahəsində ikitərəfli münasibətləri tənzimləməyə çalışacaq. Bunun üçün hərtərəfli imkanlar var. Güman ki, Berlində bu istiqamətdə danışıqlar olacaq. Almaniyanın özünün də Azərbaycandan bəzi gözləntiləri var.
 
Bu yaxınlarda Ermənistanın baş naziri də Berlinə səfər etmişdi. Düzdür, Almaniya kansleri Olaf Şolts onunla danışıqlarda bir qədər lazımsız fikirlər səsləndirmişdi. Ona görə də Azərbaycan dərhal neqativ reaksiyasını bildirdi. Nəticədə bir günün içində Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında düzəlişlər edildi və Bakının siyasətinə uyğun olmayan kontent aradan qaldırıldı. Bu bir daha onu göstərir ki, Berlin Bakı ilə münasibətləri genişləndirmək, inkişaf etdirmək istəyir. Almaniya çalışır ki, aramızda anlaşılmaz məqamlar olmasın”. 

Rüfət Sultan