Siyasət 13:31 29.05.2023

İlham Əliyevin Laçında verdiyi mesajın pərdəarxası - Politoloq

"Hər kəs bu mesajdan öz payını götürməlidir. İstər Ermənistan, istərsə də ona havadarlıq edən İran, Fransa, Rusiya, ABŞ, Aİ - hər kəs hesabını almalıdır. Artıq sözün əsl mənasında proses dünya güclərinin maraqları kontekstində getməyəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan Prezidenti İlham Əliyevin Laçın rayonunda olarkən Xankəndi və ətraf bölgədə tezliklə antiterror əməliyyatlarının başlaya biləcəyinin anonsunu verməsini şərh edərkən deyib:"İlk növbədə bu qətiyyətli açıqlamanın zamanına diqqət yetirmək lazımdır. Bu açıqlamanın Azərbaycanın Müstəqillik günü, eyni zamanda, strateji bölgə olan Laçına yerli sakinlərin qayıtdığı gündə edilməsi ciddi mesaj və simvolik məna daşıyır. Digər tərəfdən, Türkiyədə keçirilən seçkilər bundan sonra dünyaya bir türk nizamının gətirilə biləcəyi mesajını verdi. Bunun üçün mütləq mənada bir dövlətin prezidenti arxasında böyük bir güc hiss etməlidir. Mayın 28-i Azərbaycanın Müstəqillik günü ilə yanaşı, həm də Laçın rayonuna yerli əhalinin qayıtması, eyni zamanda, Türkiyənin zəfər günü kimi qeyd edildi. Bu gücləri birləşdirdikdə Azərbaycan Prezidentinin sözügedən qətiyyətli açıqlamasının səbəbi də ortaya çıxar. Türkiyədəki seçkinin nəticələrilə bir daha müəyyən olundu ki, artıq Azərbaycan- Ermənistan münasibətləri və Qarabağ məsələsi geriyə dönməz proses xarakteri aldı”. 

Həmsöhbətimiz qeyd edir ki, həmin prosesi artıq kimsə məhvərindən çıxarıb, onu əks istiqamətə döndərə bilməycək:
 
"Bu da öz növbəsində Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması, həm də Qarabağ probleminin birdəfəlik, ədalətli həll olunmasının bilavasitə göstəricisi oldu. Hər kəs bu mesajdan öz payını götürməlidir. Bundan sonra proses haqq-ədalət kontekstində davam edəcək. Türkiyədəki seçkinin nəticəsi bəlli olandan sonra Ermənistan baş naziri Paşinyan Ərdoğana ünvanladığı təbrik teleqramında bu qələbədən sonra Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması yolunda prosesin sürətlə həyata keçməsi üçün səbirsizləşdiklərini bildirib. Bu isə artıq İrəvanın Azərbaycanla onun istədiyi şəkildə sülh müqaviləsini imzalamağa, Qarabağ problemini həll etməyə, Türkiyə ilə münasibətləri tənzimləməyə hazır olduğunun mesajıdır. Azərbaycan Prezidentinin Laçında verdiyi mesajın üzərinə Paşinyanın teleqramda səsləndirdiyi həmin fikirləri də gələndə bütün səhnə tam aydın olur”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında olarkən Qarabağ ermənilərinə səslənib:
 
"Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”. 

Dövlət başçısı onlar üçün qalan yeganə yolu da açıqlayıb. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və "parlament”i buraxmaqdır. 

Rüfət Sultan