Siyasət 15:18 24.11.2022

İlham Əliyevin Serbiya səfərinin əhəmiyyəti... - Deputat şərh edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya səfər edib və bu ölkənin prezidenti Aleksandar Vuçiç ilə görüşüb. İki lider bır sıra sənədləri imzalayıblar. Həmçinin Azərbaycan və Serbiya hökumətləri arasında da bəzi sənədlər imzalanıb.
 
Milli Məclisin deputatı Hikmət Babaoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin Serbiyaya səfəri iki ölkə arasında dostluq münasibətlərinin strateji tərəfdaşlıq münasibətlərinə qədər inkişaf etməsinə gətirib çıxaracaq:

"Serbiya ölkəmiz üçün Balkanların qərbində mühüm strateji döblətdir. İki ölkə arasında çoxsaylı sənədlər imzalanıb ki, bunlar İlham Əliyevin Belqrada sonuncu səfərilə bir daha yeniləndi. Hərbi sənayedən tutmuş, ticari-iqtisadi, mədəni, müasir texnologiyaların tətbiqi, sosial sferada əməkdaşlığa qədər bütün münasibətləri əhatə edən müqavilələr imzalandı. Serbiya hərbi sənayesi ilə öndə olan ölkədir. İki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşıb.
 


Praqada olarkən Serbiya Prezidenti Azərbaycan Prezidentinə xitabən demişdi ki, Avropada ən çox gözlənilən və arzuolunan qonaqsınız. Bənzər fikri Vuçiç bu dəfə də səsləndirdi. Azərbaycan Prezidentinin təyyarəsinin Serbiya səmasında bu ölkənin qırıcı təyyarələrinin qarşılaması dövlət başçımıza və xalqımıza olan böyük hörmətin nümunəsi idi. Bu, eyni zamanda, Azərbaycanın tarixi qələbəsi və milli qürurumuzun Avropa səmasındakı rəsmi idi”. 

Deputat düşünür ki, Bakı ilə Belqrad arasında münasibətlərin potensialı böyükdür:

"Azərbaycan enerji təchizatı baxımından Balkan ölkələri üçün də əsas ümid yeridir. Vuçiçin qeyd etdiyi kimi, Bolqarıstandan Serbiyaya uzanacaq yeni qaz kəmərinin çəkilməsi məsələsi də müzakirə olunub. Önümüzdəki mərhələdə Serbiya Prezidentinin Bakıya nəzərdə tutulan səfərini də nəzərə alsaq, əminliklə deyə bilərik ki, bu səfər hər iki dövlət və xalqın milli maraqlarına cavab verən mühüm bir tarixi səfər kimi yadda qaldı”. 

Rüfət Sultan