İdman 11:57 27.05.2023

İlk qadın prezident vəzifəsindən getdi

Fransa Olimpiya Komitəsinin (CNOSF) ilk qadın prezidenti Bricit Henrikes vəzifəsindən istefa verdiyini açıqalyıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə CNOSF rəsmi məlumat yayıb. Açıqlamada ümumi yığıncaqdan sonra təşkilatın ilk qadın prezidentinin istefa ərizəsini rəhbərliyə təqdim etdiyi və qəbul olunduğu bildirilib.

Paris-2024 Yay Olimpiya Oyunlarının başlamasına 14 ay qalmış istefa verən prezidentin postu müvəqqəti olaraq baş katib Astrid Guyarta tapşırılıb. Yeni prezident isə üç ay ərzində keçiriləcək səsvermədən sonra müəyyənləşəcək.

Vaxtilə peşəkar futbolçu olmuş Henrikes uzun illər CNOSF-in baş katibi vəzifəsində çalışan Didye Seminet tərəfindən "psixoloji işgəncələrə” məruz qaldığı iddiası ilə ona qarşı daxili araşdırma başladılması üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət etmişdi. Nəhayət, CNOSF ötən ilin sentyabrında İdarə Heyətinin iclasında gizli səsvermə keçirərək, Semineti vəzifəsindən uzaqlaşdırmışdı. Henrikes də iki aylıq "xəstəlik" fasiləsindən sonra dekabrda yenidən prezidentliyə qayıtmışdı. Seminet ittihamları rədd edərək, Henrikesə qarşı böhtan iddiası qaldırmışdı. 

Paris-2024 gələn il 26 iyul - 11 avqust tarixləri arasında keçiriləcək.

Səbuhi Həsənov