Dünya 15:04 10.03.2023

"Şimal axını 1" qaz kəmərini kimin partlatmasıyla bağlı ehtimallar artır

Sentyabrın 5-dən 13-dək Yunanıstan bayrağı altında üzən "Minerva Julie” tankeri partladılan "Şimal axını 1" qaz kəməri ərazisində dövrə vurub. 

Qaynarinfo xəbər verir ki, bu barədə OSINT analitiki Oliver Aleksander yazır.

Bavaria Cruiser 50 modelli "Andromeda” yaxtasını təxribatla əlaqələndirən "Der Spiegel”in son dərcini şərh edən Aleksander qeyd edir ki, bu gəmi çətin ki, partlayıcı maddələr daşıya bilsin. "The New York Times” qəzetinin yazdığına görə, hər borunu partlatmaq üçün 500 kq partlayıcı lazım idi. "Əgər bu doğrudursa, o zaman belə təxribatı həyata keçirmək üçün Bavaria Cruiser 50-dən istifadə etmək mümkün deyil. 6 nəfər və çoxlu dalğıc avadanlığı ilə birlikdə 15 metrlik yaxtada bu qədər partlayıcının daşınması demək olar ki, qeyri-mümkün olardı”, – analitik yazır. Belə bir yükü daşımaq üçün daha böyük bir gəmi lazım idi, Aleksander ehtimal edir ki, bu "Minerva Julie” tankeri ola bilərdi.

Aleksanderin fikrincə, "Andromeda”, ekipajı və mümkün təchizatları daşımaq və "Minerva Julie” ilə görüşmək üçün istifadə edilə bilərdi.

Analitik qeyd edir ki, diversiya ilə bağlı hələ də çoxlu suallar var. Onlardan biri də "Şimal axını”nda partlayışların qaz kəmərinin ən dərin nöqtələrindən birində baş verməsidir. Bu, partlayıcı qurğuların quraşdırılması əməliyyatını çətinləşdirib, lakin təxribat nəticəsində su ilə dolmuş boru kəmərlərinin sahəsini kiçildib və bu səbəbdən də onun təmiri xərclərini azaldıb.

"Qrup suya dalmaq üçün ən çətin yeri seçib və həmin yerdə borunun təmiri asan həyata keçirilə bilər", - analitik yekunlaşdırır.

Qeyd edək ki, dünən Almaniyanın "Der Spiegel" nəşri yazıb ki, "Bavaria Cruiser 50" modelli "Andromeda" yaxtası "Şimal axını" qaz kəmərlərində partlayıcı maddələrin quraşdırılması üçün istifadə oluna bilərdi.

Bundan əvvəl Aleksander digər OSINT mütəxəssisi Erik Toler ilə birlikdə Alman mətbuatında dərc olunan məlumatlara əsaslanaraq, "Mola Yachting”ə məxsus iki Bavaria Cruiser 50 yaxtasından birinin "Şimal axını”nı partlatmaq üçün istifadə oluna biləcəyini müəyyən ediblər. Analitiklər qeyd ediblər ki, belə yaxtalar avtomatik identifikasiya sistemi ilə təchiz olunmayıb, ona görə də onların hərəkətini MarineTraffic kimi xidmətlərdən istifadə etməklə izləmək mümkün deyil.

Bu həftənin əvvəlində "The New York Times” qəzeti ABŞ kəşfiyyatının məlumatlarına istinadən yazıb ki, boru kəmərində partlayışlar Ukraynayönlü qrup tərəfindən həyata keçirilə bilər. Kəşfiyyat məlumatları ilə tanış olan ABŞ rəsmiləri qəzetə bildiriblər ki, təxribatçılar Ukrayna, Rusiya və ya hər ikisinin vətəndaşları olub. Bu barədə Almaniyanın Die Zeit, ARD və SWR nəşrlərinin birgə araşdırmasında da deyilir. Bundan əlavə, jurnalistlər onu da öyrəniblər ki, alman müstəntiqləri diversantların istifadə etdiyi yaxtanı tapıblar, ehtimal ki, gəmi iki Ukrayna vətəndaşına məxsus Polşa şirkəti tərəfindən icarəyə götürülüb.

Almaniyanın müdafiə naziri Boris Pistorius ehtimaı edib ki, "Şimal axını” partlayışı Ukraynanı günahlandırmaq üçün "yalançı” bayraq altında həyata keçirilə bilərdi. 

Nizami Bağırov