Natiq Cəfərli
Ekonomiks 13:37 04.05.2019

İnvestisiyaların fəlsəfəsi haqqında qısa hekayə

Natiq Cəfərli

Osmanlı Sultanı Birinci Abdülmecit 1839-cü ildə taxta çıxandan sonra anlayır ki, Osmanlı Avropanda silah-sursat baxımından geridə qalır. Öz yaxınları, Paşaları yanına çağıraraq deyir ki, ordunu modernləşdirmək lazımdı, tapşırır ki, gedin müasir silahlar alın. Bir müddət sonra Paşalar gəlir deyir ki, Sultan sağ olsun, heç kim Osmanlıya müasir silah satmaq istəmir, çünki silah istehsalçıları elə bizim potensial rəqiblərimizdir. Abdülmecit əmr edir ki, satmırlarsa, gedin zavod qurun, özümüz istehsal edək, Paşalar da cavab verir ki, Sultanım, bizdə mütəxəssis, oxumuş mühəndis yoxdur, kim quracaq zavodu, istehsalı?! Sultan əmr verir ki, gedin Avropaya ən yaxşı mütəxəssislərə yüksək maaş vəəd edib İstanbula gətirin. Bir müddət sonra bir qrup əcnəbi mühəndis Osmanlıya gəlir, işə başlayırlar, öz ailələrini də İstanbula gətirirlər. 

Bir gün Paşalar gəlir Sultanın yanına ki, bəs mühəndislər qalmırlar, getmək istəyirlər, Sultan deyir maaşlarını artırın, Paşalar isə cavab verirlər ki, Sultan sağ olsun, söhbət maaşdan getmir, uşaqlarının oxuması üçün dünyəvi təhsil verən məktəb yoxdur. Sultan əmr edir ki, təhsil dili fransız olan məktəb qurulsun, Paşalar yenə dilə gəlir ki, bəs axı bizdə müəllimlər də yoxdur, nə edək?! Sultan əmr edir ki, gedin Avropadan müəllimlər gətirin – elə də edirlər, bir qrup müəllim İstanbula gəlir.

Günlərin bir günü Paşalar yenə Sultanın yanına gəlirlər ki, bu dəfə mühəndislər də, müəllimlər də ölkədən getmək istəyirlər, səbəbi də odur ki, özləri, uşaqları xəstələnəndə normal müalicə almaq üçün tibb müəssisəsi yoxdur, ancaq "türkəçarə” müalicə üsulları var. Sultan əmr edir ki, onlar üçün xəstəxana tikilsin, amma yenə problem çıxır – həkim yoxdur. Paşalar gedib Avropadan həkimlər də gətirirlər.

Bir müddət sonra Paşalar gəlir ki, Sultanım, indi də hamısı bir yerdə getmək istəyirlər, səbəbi də odur ki, gərgin iş şəraitində işləyirlər, həkimlər hər gün stress altında çalışırlar, amma işdən sonra dincəlməyə, əylənməyə, içki məclisləri qurmağa məkan yoxdur. Sultan əmr edir ki, Nişantaşı bölgəsində restoranlar, meyxanələr açılsın. Amma yerli camaatın həssasiyyətini də nəzərə alaraq ilk olaraq Nişandaşında "Teşvikiyyə” məscidini tikdirir. 

Beləliklə Sultan Birinci Abdülmecit müasir tüfəng-silah istəyirdi, amma zəncirvari qərarlarla başqa sahələrdə də açılıma getməyə məcbur oldu və İstanbulda müasir məktəblər, xəstəxanalar, restoranlar yarandı. Nəticə olaraq da köklü islahat paketi – "Tanzimat" qəbul edildi. 

Yəni, biznes, isvestor hər hansı bir ölkədə iş qurmaq, yeni texnologiyalar tədbiq etmək istəyirsə bunun üçün ölkəni tam öyrənir, hər tərəfdən ölçüb-biçir. Biz ölkə olaraq investor cəlb etmək istəyiriksə İDARƏETMƏ fəlsəfəsini dəyişməliyik. Bp gələndə pub-restoranlar artdı, özəl məktəblər və xəstəxanalar yarandı, amma Bp dövlət içində dövlətdir, müqavilələrini heç kim poza bilməz. Qeyri-neft sektoruna investisiya qoymaq istəyən Mişel, ya Con bircə dəfə hər hansı bir rayonun İcra Başçısını görsə dabanına tüpürüb ölkədən qaçar, idarəetmənin şəxslərə bağlı olduğunu bilsə ölkəyə gəlməz, məhkəmələrin zənglə çalışdığını öyrənsə məmləkəti öz investisiya xəritəsindən silər. Belə...