Siyasət 15:21 10.04.2023

İran-Azərbaycan münasibətləri: Bundan sonra nələr olacaq?

"Bu kimi təmaslar fonunda Tehranla Bakı münasibətlərindəki gərgin faza bitəcək, amma münasibətlər tam şəkildə düzəlməyəcək”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramovun aprelin 7 və 8-i tarixlərində, ardıcıl olaraq iki gün apardıqları telefon danışığını şərh edərkən deyib.

Sabiq nazir hesab edir ki, yaşanan gərginliyin aradan qaldırılması üçün bu sayaq təmaslar mütləqdir:

"İranın iradlarını başa düşmək çətindir. İsraildə səfirlik açmağımız suveren hüququmuzdur. İran da görür ki, Azərbaycan öz hüquqlarının  müdafiəsində israrlıdır. Bu mənada Tehran anlayır ki, hədə-qorxu mövzuları ölkəmizə təsir etmir. Belə təmasların davamlı olacağını da istisna etmirəm. Əminəm ki, sonda bu və ya digər şəkildə münasibətlərdəki gərgin faza bitəcək. Gərginliyin azalması hər iki tərəfin marağındadır. Amma münasibətlərin tam şəkildə düzələcəyini düşünmürəm. Çünki hazırkı İran adminstrasiyasının siyasəti hər halda belə ümidə gəlməyə imkan vermir”. 
 


Həmsöhbətimizə görə, Azərbaycanın ardıcıl və qətiyyətli mövqe sərgiləməsi Tehranı öz həmləsinin nəticə verməyəcəyini anlamağa vadar edib:
 
"Azərbaycan beynəlxalq qanunlara uyğun addımlar atır. Ona görə də İranın bu cür təzyiqlərinin məqsədinin nə olduğunu indiyə kmi başa düşmək çətindir. İran səhv olaraq bu qənaətdə olub ki, belə  həmlələrlə Azərbaycanın mövqeyini dəyişə biləcək.  Amma bunun əksini gördü, Azərbaycan daha qətiyyətlə öz haqlı mövqeyində dayandı. İranın radikal dairələri Azərbaycanda köklü dəyişikliklərin baş verdiyini indiyə kimi anlamayıblar. Azərbaycan dövləti və xalqı özünü müzəffər xalq kimi hiss edir. Ona görə də bu cür həmlələr ölkəmizə ciddi təsir edə bilməz. Əksinə, bu ona gətirib çıxaracaq ki, İranın qonşu olaraq ölkəmizdə nüfuzu tam olaraq aşağı düşəcək. Gözləyək görək, Tehran öz səhvini başa düşüb, məsələyə birdəfəlik nə vaxt son qoyacaq”. 

Qeyd edək ki, gərgin münasibətlərdə olan İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov iki gün dalbadal - 7 və 8 aprel tarixlərində telefonla danışıblar.

Rüfət Sultan