Foto 11:28 06.09.2022

İran-Azərbaycan sərhədi pozuldu, zastavaya “Silaha” komandası verildi (FOTOLAR)

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 3-də saat 13:48 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.

Sərhəd zastavası dərhal "Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq 2 (iki) nəfərə məxsus ayaq izləri aşkarlanmış, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılıb.

Keçirilmiş tədbirlər nəticəsində sərhədboyu ərazidə dərə boşluğunda gizlədilmiş 2 (iki) ədəd bağlamada təxmini çəkisi 20 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə ("marixuana”) və 710 ədəd psixotrop tərkibli həblər ("metadon-40”) aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd göstərən Yardımlı rayon Zevin kənd sakinləri 1992-ci il təvəllüdlü Məmişov Elmir Simran oğlu və 1980-ci il təvəllüdlü Beybudov Zaur Cəlayir oğlu müəyyən edilərək saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.