Siyasət 14:25 12.03.2023

İran hava sərhədimizi niyə pozdu? - “Ermənistanla 3 milyard dollarlıq…”

"İranın Azərbaycanın hava məkanını pozması bu ölkənin dövlətimizə qarşı təxribatlarını davam etdirməsi faktı olmaqla yanaşı, həmçinin regionda formalaşan kövrək düzəni pozmaq cəhdidir. Vətən müharibəsindən sonra Azərbaycana qarşı təxribatçı fəaliyyətini genişləndirən Tehran digər tərəfdən Ermənistana dəstəyini də artırmaqdadır".

Qaynarinfo xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, ötən il İranla Ermənistan arasındakı ticarət dövriyyəsi 40.0 faiz artaraq 500 milyon dollardan 700 milyon dollaradək yüksəlib:



"Bu 2020-ci il ilə müqayisədə təxminən 2.0 dəfə artım deməkdir. Tərəflər yaxın dövr üçün ticarət dövriyyəsini 1.0 milyard dollara çatdımağı hədəfləyirlər. Hətta Tehran Ermənistan ilə 3.0 milyard dollarlıq dövriyyəyə çatmaq niyyətini də bəyan edib. İran artıq Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır".

Vüqar Bayramov qeyd edib ki, Ermənistan İran vasitəsi ilə enerji idxalını şaxələndirməyə çalışır:



"2022-ci ildə Azərbaycanın sərhəddindən cəmi 2 km uzaqlıqda yerləşən Qafan şəhərində konsulluq açan İran artıq Ermənstana gündəlik bir milyon kubmetrdən çox qaz ixrac edir. Ermənistan İran vasitəsi ilə enerji idxalını şaxələndirməyə çalışır. 

Göründüyü kimi, Ermənistanın hər mənada qayğısına qalan ölkə islamı siyasət səviyyəsinə gətirən İrandır. Tehran rejimi bir tərəfdən Azərbaycanın güclənməsindən məmun olmadığını gizlədə bilməməklə yanaşı, digər tərəfdən Ermənistana dəstəyini genişləndirməkdədir.  Amma bununla regionda formalaşan yeni düzəni pozmaq, təbii ki, mümkün olmayacaq".