Dünya 17:58 13.05.2023

İran İsraili ballistik raketlərlə vurmağa hazırlaşır? - Ekspert

"Bu, sadəcə blefdir. İran siyasiləri, generalları zaman-zaman belə məsuliyyətsiz açıqlamalar verir. Söylədirkləri bu yalanlar sadəcə, daxili auditoriyadakı sadəlövhlərə hesablanıb”. 

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli İranın Hərbi Hava Qüvvələrinin komandanı Yusif Korbaninin Tehranın İsrailin tam "ürəyindəki” hədəfləri vura bilən raketlər hazırladığını barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

Ekspert bildirib ki, İsrailin hərbi sənayesi İranla müqayisədə xeyli irəli gedib:



"İran əvvəl özünün hərbi obyektlərini qorumağı bacarsın, sonra İsraili "ürəyindən” vurmaqdan danışsın. Tehran İsrailə qarşı hər hansı bir addım ata bilməz. Çünki bu halda İsrail elə bir cavab addımı atar ki, İran sözün həqiqi mənasında "ürəyindən” vurula bilər. Belə bəyanatlar "qaşınmayan yerdən qan çıxarmağa” bərabər bir haldır. İran raketlərinin Ukrayna cəbhəsində nəyə qadir olduğunu görürük. Rus hərbçilərinin son olaraq atdığı 17 ədəd bu raketlərdən cəmi ikisi hədəfə dəyib. Qalanları isə məhv edilib. 

İsrailin hərbi sənayesi İranla müqayisədə xeyli irəli gedib. İsrail dünya üçün ən müasir hərbi-hava qüvvələri və hava-hücumundan müdafiə sistemləri istehsal edir. İran heç zaman İsraili "ürəyindən” vura bilməz. Vuran olsaydı, dünyanın ikinci ordusu hesab edilən Rusiya çoxdan Kiyevi "ürəyindən” vura bilərdi. İran generalları boş və mənasız bəyanatlar verirlər”. 

Qeyd edək ki, İranın Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Yusif Korbani Tehranın İsrailin tam "ürəyindəki” hədəfləri vura bilən raketlər hazırladığını bəyan edib. Onun sözlərinə görə, İranın bu istiqamətdə irəliləyişi "yüksək səviyyədədir”. O, sanksiyalar rejimi altında uzaqmənzilli raketlərin və dəqiq idarə olunan raketlərin hazırlanmasını yüksək qiymətləndirib. O hətta iddia edib ki, raket texnologiyası baxımından İran "dünya səviyyəsindən yuxarıda” mövqe tutur. 

Rüfət Sultan