Dünya 18:16 18.04.2023

İran şahının oğlu İsrailə niyə gedib? - Politoloq

"İranda molla rejiminə nifrət çox olsa da, xalq şah institutunun bərpasını da arzulamır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov sonuncu İran şahının oğlu Rza Pəhləvinin İsrail səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, hazırda İran cəmiyyətində şahın varisi ciddi nüfuza malik deyil:

"İsrailə münasibət də İranda birmənalı deyil. Düzdür, şah dövründə Tehranla Təl-Əviv arasında isti münasibətlər olub. Keçən əsrin 70-ci illərində ərəb ölkələri İsrailə iqtisadi embarqo tətbiq edəndə, məhz İran ona kömək etdi. Hazırda isə İranla İsrail arasında heç bir münasibət yoxdur. İran cəmiyyətində İsrailin Yaxın Şərq siyasəti təqdir olunmur. Mövcud vəziyyətdə incə diplomatik yolla hərəkət etmək lazımdır. 

Şahın oğlunun İsrailə getməsi isə əks nəticə verəcək addımdır. O, şah sülaləsindən olsa da, rəsmi şəxs deyil. İran cəmiyyəti özünəməxsus cəmiyyətdir. Orada şah rejiminin qayıtmasını istəməyən qüvvələr indiki hakimiyyətin dəyişməsini istəyən qüvvələr qədərdir. Rza Pəhləvi bu yaxınlarda Avropa ölkələrində oldu. Lakin onun bura gəlişi Avropadakı iranlı mühacirlərin də qəzəbinə, qıcığına səbəb olmuşdu. Onlar nə keçmiş rejimi, nə də hazırkı rejimi qəbul etmirlər. 

Bu prosesdə Qərb institutlarının da rolu var. Həmçinin, İsraildəki İrandan çıxmış yəhudi icması da həmin prosesdə maraqlı ola bilər. Ancaq fikrimcə, bu addım uğursuz gedişdir. Faktiki olaraq Tehranla İsrail arasında münasibətlərin olmaması şəraitində belə addım İrandakı təzadlı vəziyyəti daha da dərinləşdirir. İranda şah institutunun bərpası istiqamətində böyük coşqu da hiss olunmur. Bu gediş uğur gətirməyəcək”. 

Qeyd edək ki, İranın sonucu şahının oğlu Rza Pəhləvi aprelin 17-də İsrailə gəlib. O, burada Baş nazir Benyamin Netanyahu ilə görüşüb. 

Rüfət Sultan