Dünya 13:51 21.11.2022

İranla İraq arasında savaş başlayır? - Quru əməliyyatı keçirilə bilər, amma...

Xarici mətbuatın yazdığına görə, İran silahlı qüvvələri İraqın Kürdüstan bölgəsində Tehran rejiminə müxalif partiyanın qərargahına və qaçqın düşərgəsinə hücum ediblər. Endirilən zərbə nəticəsində İranın kürd müxalifət partiyasının Ərbil yaxınlığındakı Koy-Sancak şəhərindəki qərargahı vurulub. 

İranın daha bir hücumu Ərbilin şimalındakı Bahirqa şəhərindəki qaçqın düşərgəsinə edilib. ABŞ-ın Ərbildəki konsulluğunda həyəcan təbili çalınıb. Son zamanlar İranın İraqda hərbi baxımdan müəyyən qədər aktivlik nümayiş etdirdiyi hiss olunur. İraq isə bu günə qədər İranın bu hərəkətinə ancaq sözdə etiraz bildirməklə kifayətlənib. Amma indi vəziyyət xeyli dəyişib. İranın Rusiyaya raket satması fonunda Qərbin Tehrana qarşı hədələri daha kəskin xarakter almağa başlayıb. Bu mənada yaranmış situasiyada Qərbdə kimlərsə İranı yenidən İraqla toqquşdurmağa cəhd edə bilər. 

İranın İraqın şimalına zərbələr endirməsi bu bəhanəyə əsas verə bilərmi?
 
Siyasi şərhçi Kənan Rövşənoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, yaranmış vəziyyət İranla İraq arasında hərbi toqquşmaya gətirib çıxarmayacaq:



"İran ordusu bundan əvvəl də bir neçə dəfə İraqın şimalında yerləşən hədəfləri bombalayıb. Ən son keçən ay İran ordusu İraq kürd muxtariyyəti ərazisində bir neçə kürd silahlı təşkilatının qərargahını hədəfə alıb. Tehran bəyan edib ki, bir neçə kürd təşkilatı, o cümlədən Komala, Kürdüstan Demokrat Partiyası adlı təşkilatlar İrandakı etirazları qızışdırır, silah və terrorçu göndərir. Bununla bağlı vaxtaşırı İran rəsmiləri saxlanılan şəxslər və ələ keçən silah-sursatları nümayiş etdirərək, İraq ərazisindəki qrupları ittiham edib. Ötən həftə hətta SEPAH-ın Qüds briqadasının komandiri İsmayıl Qəəni Bağdada gedərək, hökumət nümayəndələri ilə görüşüb”

Həmsöhbətimiz İran ordusunun quru əməliyyatı keçirəcəyini də istisna etmir:
 
"Ancaq görünür hələlik quru əməliyyatına cəhd etmirlər. Bu cür əməliyyatlar daha əvvəl də olub və İraq-İran münasibətlərinə ciddi təsiri olmayıb. Doğrudur, İraqın kürd əsilli prezidenti də Tehranın İraq ərazisini vurmasını pisləyib, amma rəsmi Bağdad açıq şəkildə buna qarşı çıxmayıb. Bunun bir neçə səbəbi var. Birincisi, iki ölkə arasında münasibətlər yaxşıdır, ikincisi kürd silahlı qrupları Bagdadın özü üçün də başağrısıdır. 2017-ci ildə Bərzani müstəqillik referendumu keçirəndə İraqın köməyinə Türkiyə və İran gəlmişdi. Ümumiyyətlə, kürd separatizmi məsələsi regionun 4 ölkəsinin - Türkiyə, İran, İraq və Suriyanın ortaq problemi olduğu üçün, bu mövzuda dil tapa bilirlər. Ona görə də hətta birbaşa quru hərbi müdaxiləsi olacağı təqdirdə belə, iki ölkə arasında ciddi gərginliyin olacağına inanmıram”. 

Rüfət Sultan