Siyasət 10:14 24.03.2023

İrəvan Bakıya hansı təklifləri göndərib: Mirzoyan “mötərizələri açdı”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın sülh müqaviləsinin bağlanması üzrə danışıqlar çərçivəsində Bakıya ünvanladığı təkliflərlə bağlı bəzi detalları açıqlayıb. 

Qaynarinfo-nun məlumatına görə, Misirin "AlQahera News” nəşrinə müsahibəsində erməni nazir qeyd edib ki, 2022-ci ilin dekabrından etibarən tərəflər əsas məsələlərin ədalətli həllinə doğru irəliləməyə çalışaraq, saziş layihəsi üçün bir neçə təklif mübadiləsi aparıblar.

Nazirin dediyinə görə, Ermənistanın təkliflərindən biri delimitasiya meyarlarının dəqiqləşdirilməsidir. İrəvan əmindir ki, dəqiq delimitasiya meyarları olmadan tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında danışarkən nəyi nəzərdə tutduğunu anlamaq mümkün deyil. Bu anlayış olmadan sülhə nail olmaq cəhdləri yeni toqquşmaya səbəb olacaq.

Növbəti təklif silahlı qüvvələrin sərhədyanı ərazilərdən çıxarılması və etimad və təhlükəsizlik mexanizmi kimi silahsızlaşdırılmış zonanın yaradılmasına aiddir. Bu problemin həlli mümkün eskalasiyanın qarşısını alacaq.

"Əlbəttə, mühüm komponent kimi Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı suallara cavab verən beynəlxalq mexanizmlər olmalıdır. Təəssüf ki, bizim səylərimizə cavab olaraq biz danışıqlarda təkcə Azərbaycanın maksimalist mövqeyinin deyil, həm də aqressiv hərəkətləri şahidi oluruq”, - Mirzoyan deyib.

Xarici işlər naziri danışıqların üç istiqamətini göstərib: bütün regional kommunikasiyaların açılması, delimitasiya və sərhəd təhlükəsizliyi, Ermənistan və Azərbaycan arasında sülh münasibətlərinin qurulması haqqında saziş. O, əmin edib ki, Azərbaycan marşrutların keçdiyi ölkələrin suverenliyi altında fəaliyyət göstərməli olduğunu bəyan etməyə başlayanda Ermənistan kommunikasiyaları blokdan çıxarmağa hazır olacaq.

Alpər