Asif Nərimanlı
Siyasət 15:42 29.09.2022

İrəvanı Bakıya qarşı silahlandırırlar

Hindistan Ermənistana 244 milyon dollar dəyərində silah verəcək: bu, Dehli üçün xaricə ilk silah satışı, İrəvan üçün dağılmış hərbi arsenalın bərpası üçün fürsətdir; 

Hərçənd, Dehlinin ilk silah bazarı olaraq Ermənistanı seçməsi müdafiə sənayesi üzrə ixrac imkanın dəyərləndirilməsindən daha böyük hədəfə hesablanıb.
Bu addım Hindistanın Cənubi Qafqaza daxil olmaq məqsədi daşıyır.

Birincisi, Dehlini Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı narahat edir, xüsusilə bu ittifaqın Kəşmir məsələsində İslamabadın mövqeyini gücləndirməsi baxımdan;

İkincisi, "Üç qardaş”ın təşkil etdiyi ox Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm potensiala malikdir və Dehli bu xəttə qarşı əks-həmlələrə əl atır;

Hindistanın əks-həmlələrini Cənubi Qafqazda qurması da strateji əhəmiyyətli Orta Dəhlizin əsas xablarınan birinin bura olmasıdır: Dehli Orta Dəhliz üzərində Bakı-Ankara-İslamabad üçlüsünün Pakistanın Qvadar limanından istifadə perspektivinə qarşı çıxır, İranın Cabahar limanını əsas marşrut olaraq qəbul edilməsinə çalışır və bununla Pakistan, eləcə də Çin qarşısında əlini gücləndirmək istəyir; Və Orta Dəhliz üzərində əhəmiyyətli layihə olan Zəngəzur dəhlizinə qarşı Ermənistanla birlikdə hərəkət etmək Dehlinin maraqlarına uyğundur;

Hindistan Ermənistanı silahlandırmaqla həm Azərbaycana qarşı müqavimətini gücləndirməyə, həm də bölgədə iştirak imkanlarına nail olmağa çalışır.
Burada Qərb-Ermənistan-İran-Hindistan xəttinin maraqlarının uzlaşması, xüsusilə Zəngəzur dəhlizi məsələsində eyni mövqedə olmaları da diqqət çəkir. Və o ehtimalı da ön plana çıxarır ki, Hindistanın Ermənistanı silahlandırılması prosesinin pərdəarxası iştirakçıları arasında Qərb ölkələri də var.
 
Asif Nərimanlı