Siyasət 20:07 01.06.2023

İşğal olunmuş torpaqları azad etmək üçün Ukraynanın lazım olan hər şeyi var - Stoltenberq

İndi Ukraynanın Rusiyanın işğal etdiyi əraziləri azad etmək üçün lazımi imkanları var.
 
Qaynarinfo Uniana istinadla xəbər verir ki, bu qənaəti Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Osloda (Norveç) qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Bu gün diqqətimiz Ukraynanı NATO-ya necə yaxınlaşdıra biləcəyimizə, onun olması lazım olduğu yerə yönəldi. NATO artıq görünməmiş yardım göstərir. Əminəm ki, Ukrayna qüvvələri bu gün daha çox işğal olunmuş əraziləri azad etmək üçün lazımi imkanlara malikdir. Amma biz daha çox iş görməliyik", - Stoltenberq vurğulayıb.

Bu kontekstdə Alyansın baş katibi xatırladıb ki, etibarlı maliyyə ilə Ukrayna üçün çoxillik dəstək paketi üzərində iş davam edir. O, əmindir ki, uzunmüddətli perspektivdə bu, Ukraynanın müdafiəsini təmin etməli, Rusiyanı cilovlamalı və Ukraynanın müdafiə sektorunun NATO standartlarına uyğun modernləşdirilməsinə kömək etməlidir.

"Biz həmçinin hazırkı NATO-Ukrayna Komissiyasının yeni NATO-Ukrayna Şurasına yüksəldilməsi məsələsini müzakirə etdik. Bu, əsas məsələlərin müzakirəsi üçün bərabər iştirakçı kimi təhlükəsizliyimiz üçün masa arxasında oturacaq Ukrayna ilə birgə məsləhətçi foruma başlamaq yolunda mühüm addım olacaq”, - Stoltenberq vurğulayıb.

Alyansın baş katibi onu da əlavə edib ki, bu gün Ukraynanın NATO-ya daxil olmaq istəkləri müzakirə olunub.

"Bütün müttəfiqlər razılaşır ki, NATO-nun qapıları açıqdır və üzvlüklə bağlı yalnız müttəfiqlər və Ukrayna qərar verəcək. Rusiyanın veto hüququ yoxdur. Bütün müttəfiqlər Ukraynanın NATO-ya üzv olacağı ilə razılaşır", - o vurğulayıb.

Stoltenberq iyulda Vilnüsdə keçiriləcək sammit başlamazdan əvvəl bütün bu məsələlərlə bağlı NATO üzvləri arasında konsensusun əldə olunacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Ukrayna Prezidentinin dəftərxanası müttəfiqlərin lazımi silahları Ukraynaya təhvil verməsindən sonra əks-hücumun başlayacağını bildirib.

Və bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı "bizim olanı qaytarmağın vaxtı gəldi" sözləri ilə müşayiət olunan dua ilə video yayımlayıb.

Mayın 29-da prezident Vladimir Zelenski Ukrayna qoşunlarının yerdəyişməsi ilə bağlı qərarın artıq qəbul edildiyini bildirib.
"The Times” yazır ki, "Rusiyanın Azadlığı” legionu Moskvaya hücum etmək üçün minlərlə insanı cəlb edir.

Alpər