Ölkə 15:14 07.04.2023

İşğaldan azad olunmuş ərazilərə qayıdışı ləngidən səbəblər

(Yazı "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusu üzrə hazırlanıb)

44 günlük Vətən müharibəsi bitəndən sonra Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri azad edilmiş ərazilərin bərpası və əhalinin köçünün təşkil edilməsidir. Bu layihənin reallaşması üçün artıq iki ildən çoxdur "Böyük Qayıdış” siyasəti həyata keçirilir. Buraya dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir. 

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi qayıdış prosesinin reallaşmasına mühüm töhfə verib. Belə ki, proqramda hər bir fəaliyyət üzrə müddət, məsul qurumlar və reallaşacaq əsas istiqamətlər nəzərə alınıb. İnfrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlığı kimi hədəflərin reallaşması üçün proqram 2022-2025-ci illər üzrə fəaliyyətləri və 2026-cı ildə yekun nəticələri özündə ehtiva edir. 

2023-cü ildə "Böyük Qayıdış" layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpasına 3 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur. 2021-ci ildə bərpa prosesinə 2,2 milyard, 2022-ci ildə isə 2,67 milyard manat xərclənib. Bu isə o deməkdir ki, son 3 il ərzində Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurması işinə dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılıb. 

"Böyük Qayıdış"ın ilk addımı olaraq Ağalı kənd sakinlərinin bir qrupu 19 iyul 2022-ci ildə Zəngilan rayonuna köçüblər. 

Ötən müddət ərzində bir sıra avtomobil yolları, hava limanları da tikilib istifadəyə verilib. 27 oktyabr 2021-ci ildə Füzuli Hava Limanınn açılışı olub. Bundan başqa, Zəngilanda da hava limanı tikilib. 

Amma bəzən qayıdış prosesinin elə də sürətlə getmədiyini deyənlər də var. Onların fikrincə, proses daha sürətli aparılmalıdır.

İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, qayıdış prosesini ləngidən obyektiv səbəblər var:



"Təhlükəsizliklə bağlı məsələlər mütləq öz həllini tapmalıdır. 30 ilə yaxın dövrdə işğalçılar ərazidə yaşamaq üçün qeyri-münbit şərait yaradıblar. Minalar, təhlükəsizlik məsələləri öz həllini tapmalı idi. İnfrastruktur layihələri də genişlənməlidir. Çünki köç və orada həyatın qaynaması üçün infrastruktur önəmlidir. Artıq bir çox layihələr həyata keçib. Minalardan təmizləmə işi də sürətlə gedir”. 

Həmsöhbətimizə görə, prosesin daha sürətli xarakter alması üçün artıq kompleks şəkildə əraziyə köçün detalları və proqramın özü müzakirə olunmalıdır. Bunun üçün ekspertə görə, köçən sakinlərin daimi yaşayışı təmin edilməlidir: 

"İnsanları əraziyə köçürmək çətin deyil. Problem onların orada daimi yaşamasını təmin etməkdən ibarətdir. Bunun üçün də ilk növbədə iqtisadi fürsətlərin genişlənməsi, iş yerlərilə bağlı məsələlər öz həllini mütləq şəkildə tapmalıdır. Bu baş verməlidir ki, insanların əraziyə köçü daha rahat şəkildə baş tutsun. 30 illik müstəqillik dövründə digər rayonlarımızdan Bakıya köç iqtisadi fürsətlər baxımından baş verirdi. Çünki iqtisadi fürsətlər Bakı və Abşeronda cəmlənib”.

Natiq Cəfərli düşünür ki, Qarabağa köçün daha çox vətənpərvərlik hissi üzərində həyata keçirilməsini doğru yanaşma deyil:

"Düzdür, insanlar öz doğma yurdlarına köçmək istəyir. Bu hisslər ümumi hisslərdir. Amma köçdükdən sonra onların daimi yaşamaları üçün iqtisadi fürsətlər də olmalıdır. Bunun üçün lazımi şərait yaradılmasa, insanların əraziyə qayıdışı da mümkün olmayacaq”.

İqtisadçı ekspert qeyd edir ki, köç tək yerli sakinlərə şamil edilməməli, ölkənin digər vətəndaşlarının da Qarabağda yaşamaq istəyinə müsbət cavab verilməlidir:  

"Nədənsə ancaq işğaldan azad olunmuş bölgələrin keçmiş sakinlərinin əraziyə köçürülməsindən danışırlar. Bu isə doğru deyil. Konstitusiyaya görə, hər bir vətəndaş ölkənin istənilən yerində yaşamaq hüququna malikdir. Bu yanaşma da dəyişməli, istənilən şəxslərin həmin bölgəyə köçməsi və yaşamaq istəklərinin reallaşmasına şərait yaradılmalıdır. Bu tək həmin ərazilərin sakinlərinə aid edilməməlidir”.

Rüfət Sultan

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.