Siyasət 14:20 10.08.2022

İslamiadada verilən mühüm mesajlar - Deputat

"Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirak etməsi iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisi hesab edilə bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin Türkiyə Pespublikasına rəsmi səfərini şərh edərkən deyib. 

Deputatın fikirincə, hazırda beynəlxalq münasibətlər sistemi içərisində Türkiyə-Azərbaycan münasibətlərinə bənzər ikinci belə nümunə yoxdur: 
"Türkiyə-Azərbaycan tandemi türk-İslam dünyasının iki güclü lideri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin liderliyinin sayəsində reallaşıb. Elə İslam Həmrəyliyi oyunlarının təşkil edilməsi və keçirilməsi də əslində bu svilizasiyanın dünyaya verdiyi bir mesajdır. Bu mesaj sülhə, bərabərliyə, birgəyaşayışa və bərabərhüquqlu əməkdaşlığa çağırışdır. Eyni zamanda qlobal informasiya məkanında müsəlman və terror ifadələrinin qəsdən bir arada işlədilməsinə, İslam dininin anti-təbliğatına bir etiraz formasıdır”. 
 


Deputat deyir ki, 2017-ci ildə Azərbaycan 4-cü İslam Həmrəyliyi oyunlarına uğurla ev sahibliyi etdi: 

"Həmin vaxt Təşkilat Komitəsinin sədri olan birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti sayəsində bu oyunların keçirilməsində yeni və yüksək səviyyəli standart yarandı. Bu yüksək səviyyəli təşkilatçılıq böyük təqdirlə qarşılandı. İndi isə qardaş Türkiyə mükəmməl açılışla bu ənənəni davam etdirir. Oyunlarda iştirak edən 56 ölkə içərisindən yalnız Azərbaycanın açılış mərasimində ən ali səviyyədə təmsil olunması ayrıca bir hadisə idi. 

Azərbaycan nümayəndə heyətinin açılış mərasiminə daxil olması zamanı tədbir iştirakçılarının coşqulu alqışları isə "bir millət, iki dövlət” münasibətlərindəki səmimiyyət və sevginin ifadəsi idi. Bu möhtəşəm atmosferə iki qadaş ölkənin prezidentləri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin səmimi münasibətləri isə tamamilə yeni əhval-ruhiyyə qatırdı. İslamiadanın açılış mərasimindən əvvəl baş tutan ikitərəfli görüşdə prezidentlərin hərbi, iqtisadi və kommunikasiya məsələlərini müzkirə etməsi yeni mərhələdə daha yaxşı əməkdaşlıq perespektivlərinin göstəricisi idi”. 

Bahar Rüstəmli