Ölkə 19:19 16.02.2023

İşlədiyi şirkətin qarşısında söyüş söydü, "Bandotdel" əməkdaşlarından qaçmağa çalışdı

Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 127 ünvanının yaxınlığında işlədiyi şirkətdə maaşını gec verdikləri üçün əsəbləşərək ucadan ünvansız nalayiq ifadələr işlədən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1985-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş Afiq (şərti) işlədiyi şirkətin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətdiyi üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları ona yaxınlaşıb və özlərini təqdim edərək polis olduqlarını bildiriblər. 

Onlar vətəndaşı intizama dəvət etdikdə iradlara məhəl qoymayıb, polis əməkdaşı olduqlarını bildikdə hərəkətlərini daha da aqressivləşdirib, onu sakitləşdirməyə yönəlmiş hərəkətlərinə qarşı nalayiq söyüşlər söyməklə, əl-qol hərəkətləri ilə cavab verib. 

Afiq polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, bir neçə dəfə qaçmağa cəhd göstərib. Lakin polislər həmin vətəndaşı saxlayaraq Baş İdarəyə aparıblar.

Məhkəmənin qərarı ilə Afiq İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib və məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla, barəsində 1 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

Əhməd