Dünya 15:29 01.12.2022

İspaniyada Ukrayna səfirliyində partlayışdan sonra daha dörd bomba paketi tapıldı

Ukraynanın İspaniyadakı səfirliyinin ərazisində baş verən partlayışdan sonra ölkənin xüsusi xidmət orqanları bağlamalarda daha dörd bomba tapdıqlarını bildiriblər. 

Qaynarinfo "El Mundo”ya istinadən xəbər verir ki, bağlamalardan biri baş nazir Pedro Sançes üçün nəzərdə tutulub.

Hökumət başçısının təhlükəsizlik xidməti zərfi noyabrın 24-də ələ keçirib. Daxili İşlər Nazirliyi əlavə edib ki, partlayıcı maddələr adi poçt vasitəsilə göndərilib.

Dekabrın 1-də ölkənin Müdafiə Nazirliyinə daha bir bağlama gəlib. Mütəxəssislər partlayıcı qurğunu zərərsizləşdirə biliblər. Həmin səhər Madriddəki Torrexon de Ardoz aviabazasına partlayıcı göndərilib və bu səhər skaner vasitəsilə aşkar edilib. Bağlamanın alıcısı kimi Ukrayna hərbçilərinə məlumat verən peyk mərkəzi göstərilib. Bomba vaxtında tapılaraq zərərsizləşdirilib.

Ötən axşam Saraqosadakı "Instalaza” silah şirkətinin işçiləri də oxşar bağlama alıblar. "El Periodico» nəşri ehtimal edir ki, bu şirkətə partlayıcı qurğu onun Ukrayna ordusu üçün daşınan qumbaraatanları ötürməsi səbəbindən göndərilib. Rusiya işğalının əvvəlində İspaniyanın müdafiə naziri Marqarita Robles bu qumbaraatanlardan 1370 ədədinin Ukrayna Silahlı Qüvvələrinə göndərilməsi göstərişini verib. Bu sistemlər Ukrayna hərbçilərinə Kiyev yaxınlığında pusquya düşən zaman Rusiya Silahlı Qüvvələrinin texnikasının kolonlarına zərbələr endirilməsində çox faydalı olub. 

Nizami Bağırov